Boyuk Britaniya, London, 30 iyun ( Trend , müxbir G.Əhmədova) Xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya departamentlərində, eləcə də Xəzər regionu üzrə Enerji Qrupunda görüşlər keçirib. Bu barədə Trend -a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən melumat verilib. Səfər iki ölkənin xarici siyasət qurumları arasında siyasi məsləhətləşmələrin aparılması, eləcə də ikitərəfli münasibətlərə dair bir sıra məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.
Keçirilmiş görüşlərdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub və müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. Tərəflər ikitərəfli əlaqələrin hazırki durumundan razı qaldıqlarını, bununla belə bu əlaqələrin inkişafı üçün daha geniş potensialın mövcud olduğunu vurğulayıblar.
Danışıqlar zamanı ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı regional iqtisadi layihələrin regionda sülh və sabitliyin möhkəmlənməsində xüsusi rol oynadığı qeyd olunub və bu amilin yeni perspektiv layihələrin işə düşməsinə əlverişli şərait yaratdığı vurğulanıb. Xələfov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunun getdikcə artdığını deyib. їAzərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində etibarlı tərəfdaş ölkəyə çevrilibї ї deyə o bildirib.
Görüşlərdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunda mövcud vəziyyət və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri, regional münaqişələr və onların bu prosesə mənfi təsirləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana təcavüzü bütövlükdə region üçün mənfi təsir edir, regiondaxili inteqrasiya prosesinin dərinləşməsinə əngəl törədir.
Sonda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında müzakirələr aparılıb.