Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin altı ayında respublika üzrə cinayətlərin dinamikasında azalma qeydə alınıb.
Trend -un məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir bildirib ki, respublikada qəsdən adam öldürmə və ona cəhdlər 9,2, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,2, hədə-qorxu ilə tələb etmələr 43,6, avtonəqliyyatın oğurlanması 38,5, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 11,5 faiz azalıb, adamları girov götürmə cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.
Hesabatla çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov bildirib ki, cari ilin birinci yarımilində Bakı şəhərində ağır cinayətlərin, xüsusən şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması yüksəlib.
Rəisin sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmə, qəsdən sağlamlığa zərər vurma cinayətləri, ölümlə, eləcə də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, onların açılma faizi isə yüksək olub.
Ümumilikdə bu ilin 6 ayında Bakı şəhərində 4819 cinayət qeydə alınıb ki, onların da 86,1 faizini az ağır və böyük ictimai təhlükə törətməyən, 13,9 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Ümumi cinayətlərin 28,8 faizini şəxsiyyət əleyhinə, 32,2 faizini ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 0,4 faizini isə iqtisadi sahədə olan hüquqazidd əməllər təşkil edib.
Hesabat dövründə 10 quldurluq və 16 soyğunçuluq cinayətləri törətmiş 53 nəfərdən ibarət 20 və 19 mənzil oğurluğu törətmiş 18 nəfərdən ibarət 9 cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilib.
Müxtəlif cinayətlərə görə axtarışda olan şəxslərin 59,4 faizi tutularaq aidiyyatı orqanlara təhvil verilib.
Keçən ilin birinci yarımilliyində qanunsuz dövriyyədən 45 kiloqram 574 qram narkotik vasitə çıxarıldığı halda, cari ilin müvafiq dövründə 110 kiloqram 394 qram narkotik vasitə götürülüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 97 fakt, narkotiklərin satışı ilə bağlı isə 108 fakt artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,71 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələri 23,29 faiz, yaralananların sayı isə 5,4 faiz azalıb, yol hərəkəti qaydalarını davamlı və kobud sürətdə pozan, ictimaiyyətə açıq hörmətsizlik edən 349 avtoxuliqan yaxalanaraq məhkəmə məsuliyyətinə verilib.
Bakı polisi cari ilin 6 ayında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 185 ədəd silah, o cümlədən 19 avtomat, 35 tapança, 130 tüfəng, 1 qumbaraatan, habelə 96 qumbara, 25 mərmi və 8500-dən çox müxtəlif çaplı patronlar yığıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]