...

Azərbaycanın hakim partiyasının seçki ilə bağlı əsas şüarı müəyyənləşib

Siyasət Materials 21 İyul 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP prezident seçkisində istifadə edəcəyi əsas şüar müəyyənləşib. "Güclü, qüdrətli, zəngin Azərbaycanın hər bir vətəndaşının layiqli həyatının təmin edilməsi qarşıdan gələn seçkidə və növbəti 5 il ərzində Azərbaycan iqtidarının başlıca şüarı və vəzifəsi olacaq", Trend -un məlumatına görə, bunu bazar ertəsi YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə YAP özünün qurultayını çağırıb. Avqustun əvvəlinə təsadüf edəcək qurultayda hazırki dövlət başçısı, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək.

Əhmədovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin əsas istəyi ondan ibarətdir ki, iqtisadi inkişaf zəmnində qüdrətli Azərbaycan dövləti qurulsun, hər bir Azərbaycan vətəndaşı layiqli həyatla təmin edilsin. "Bu gün Azərbaycanda İlham Əliyevin qarşısına çıxa biləcək rəqibin olmadığı fikrini ifadə etsəm, yeni nəsə demiş olmayacağam. Azərbaycanda insanların hər biri aydın şəkildə bunu dərk edir. Azərbaycanın müasir tarixinin xüsusi məqamıdır ki, insanların hamsı tərəfindən dəstəklənən siyasət həyata keçirilib. Bunu kimlərsə bizə qınaq kimi irəli sürə bilməz. Heç bir kəs İlham Əliyevi qınaya bilməz ki, niyə yaxşı fəaliyyət göstərib və niyə bu qədər yüksək göstəricilər verən xidmətlər həyata keçirib. Bu, İlham Əliyevin üstünlüyüdür. Əks tərəfdə - müxalifətdə bu cür dəstəyə ümid edə biləcək insanların sayı həddən artıq azdır. O demək deyil ki, digər namizədlər olmayacaq. Say baxımından namizədlər çoxluq təşkil edəcək. Amma bu, YAP-ın seçki kampaniyasına heç bir çətinlik törətməyəcək", - deyə Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti