...

Türkiyə Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinə çalışacaq – Türkiyənin Azərbaycandakı səfiri

Siyasət Materials 18 Avqust 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıcın Trend -a müsahibəsi

- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Gürcüstanla Rusiya arasındakı münaqişə ilə əlaqədar Qafqaz ölkələrindən ibarət "Qafqaz İttifaqı" yaradılmasını təklif edib. Bu, Türkiyənin münaqişəli ölkələr arasında növbəti vasitəçilik təşəbbüsüdürmü?

- Gürcüstanın Cənubi Osetiya bölgəsində avqustun 7-də başlayan və sonradan Rusiya ilə də davam edən münaqişədə günahsız insanların zərər çəkməsindən dərin kədər hissi keçirdik. Türkiyə münaqişə başlayan kimi tərəfləri mülayim davranmağa çağırdı və problemin dialoq yolu ilə həllini arzu etdi. ATƏT, Avropa Birliyi və BMT Baş katibinin dəstəyi ilə başlanılan sülh təşəbbüslərini dəstəklədik. Bu müdaxilələr nəticəsində Rusiyanın hərbi əməliyyatları dayandırması müsbət nəticədir. Tərəflərin bundan sonra da daimi atəşkəsi təmin edəcəyinə ümid bəsləyirik.

Bu siyasi müdaxilələr davam edərkən hökumətimiz dərhal Gürcüstana humanitar yardım göstərməyə başladı. Türkiyə qarşıdakı günlərdə də yardımlarını davam etdirəcək və artıracaq.

Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə böyük önəm verir. Bu çərçivədə Gürcüstanın qonşusu kimi, bölgədə sülh və sabitliyin yenidən bərpası üçün səylərimizi davam etdirəcəyik. Türkiyənin Baş naziri tərəfindən irəli sürülən "Qafqaz sabitlik forumu" bölgədə daimi sülh, sabitlik və rifahın təmin olunması baxımından önəmli təşəbbüsdür. Baş nazirimiz bu məsələ ilə bağlı tərəflərin fikirlərini öyrənmək və təmasda olmaq üçün Moskva və Tbilisidə oldu.

- Türkiyə Qafqazdakı münaqişələrin həlli yollarını nədə görür və Azərbaycanla hərbi ittifaqı ola bilərmi?

- "Dondurulmuş münaqişələr"in beynəlxalq hüquq prinsipləri və ölkələrin ərazi bütövlüyü çərçivəsində dinc vasitələrlə həll olunması bölgədə sülh və sabitliyin qorunması üçün təməl prinsipdir. Mövcud problemlərin silahlı qarşıdurmalara çevrilməsi vəziyyəti daha da gərginləşdirməyə, günahsız insanların zərər çəkməsinə səbəb olur.

Ulu öndər Atatürkün "Yurdda sülh, cahanda sülh" ifadəsi çərçivəsində Türkiyə, başda qonşuları olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər qurub. Beynəlxalq sülhə töhfə verən aktiv siyasət yürüdüb, başda BMT olmaqla, NATO və ATƏT-in himayəsialtında həyata keçirilən bir çox sülhməramlı əməliyyatlara qoşulub və indi də iştirak etməkdədir.

Türkiyə Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çervilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcək. Bölgənin iki önəmli ölkəsi olan Türkiyə və Azərbaycan arasında əlaqələr ulu öndər Heydər Əliyevin də ifadə etdiyi kimi "bir millət, iki dövlət" şüarı əsasında bütün sahələrdə genişlənir. Həqiqi dost və qardaş ölkə Azərbaycanla əlaqələrimiz strateji özəlliyi ilə fərqlənir. Regional sülhün təmin olunması və əməkdaşlıq şəraitinin yaradılması məqsədilə ölkələrimiz birlikdə bir çox önəmli layihələrə başladı və effektli şəkildə də başa vurdu. Bunların başında bildiyimiz kimi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri dayanır. Asiyanı Avropaya birləşdirən və Qafqazı önəmli tranzit bölgəyə çevirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də sürətlə həyata keçməkdədir. Bütün bu layihələr regional sülhün qorunması üçün yalnız iki ölkənin birlikdə hərəkət etməsini çətinləşdirsə də, əlaqələrimizin inkişafı, dərinləşməsi göz qabağındadır. Bu dərinlik siyasi, iqtisadi, ticarət, mədəni, sosial və hətta hərbi sahələrdə özünü göstərir.

Türkiyə Azərbaycanın müstəqilliyinə qovuşduğu tarixdən etibarən hər cür dəstək və yardımını göstərmiş, bu gün də göstərməkdə davam edir. Azərbaycanın öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədilə modern bir ordu formalaşdırması yönündə keçdiyi yol təqdirəlayiqdir. Bu uğurun əldə olunmasında Türkiyə də özü töhfəsini verə bilibsə, biz buna yalnız sevinirik. Azərbaycanın gün keçdikcə güclənən iqtisadiyyatı və artan rifah səviyyəsi çərçivəsində, heç şübhəsiz müdafiə sahəsində də əməkdaşlığımız daha yüksək səviyyəyə gəlib çatacaq.

- Türkiyədə hakim partiya AKP-nin bağlanmaması haqda məhkəmə qərarından sonra hakimiyyətin siyasi kursunda dəyişiklik edəcəyi gözlənilirmi? Türkiyə müxalifətinin ölkədə dünyəviliyin təhlükədə olması ilə bağlı narahatlığı əsaslıdırmı?

- Türkiyədə hüquqi dövlətin zərurəti kimi, bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq demokratiya hökm sürür. Türkiyə öz bölgəsində demokratiyanın ən köklü şəkildə formalaşdığı ölkələrdən biridir. Son dövrlərdə yaşanan hadisələr isə Türkiyədə demokratiyanın dünyəvi, hüquqi dövlətin təminatçısı olduğunu, artıq institutlaşdığını bir daha sübut etdi. Qarşıdakı dövrdə Türkiyənin görəcəyi əsas işlər - ilk olaraq Avropa Birliyinə üzvlüyü prosesinin sürətləndirilməsinə, Qafqazda davamlı sülhün yenidən bərqərar olmasına, bütün bölgəyə təsirini göstərən İraqdakı qeyri-sabitliyin aradan qaldırılmasına nail olmaq dayanır.

- Yunan Kipri adada konfederasiya yaradılmasını təklif edib, Türkiyənin bu məsələ ilə bağlı mövqeyi necədir?

- Türkiyə Kipr məsələsində bu il martın 21-də başlayan proses çərçivəsində adada daimi və ədalətli həll yoluna nail olunması üçün tez bir zamanda geniş, hərtərəfli müzakirələrin başlanmasını dəstəkləyir. Tələt və Xristofyasın 25 iyulda keçirdikdəri görüşü, 3 sentyabrda geniş müzakirələrin başlanmasına qərar vermələrini məmnuniyyət hissi ilə qarşıladıq.

Türkiyə əvvəldən də Kipr probleminin BMT-nin parametrləri olan siyasi bərabərlik, iki bərabərhüquqlu dövlətin yaradacağı yeni ortaqlıq prinsipləri əsasında həllinin tərəfdarıdır. Həmçinin biz BMT Baş katibinin xoşməramlı missiyası çərçivəsində hərtərəfli müzakirələrin başlanmasını dəstəkləyirik.

Hərtərəfli həll yolu yalnız adada mövcud reallıqlar əsasında mümkün ola bilər. Bu həll yolu Kipr türk xalqının, Kipr Türk dövlətinin adada bərabər şəkildə və qurucu kimi yer alacağı yeni bir ortaqlıq şəraitində mümkün olacaq. Bu yeni ortaqlığın yaradılmasında adada kəsimlilik, siyasi bərabərlik və Türkiyənin zəmanətçiliyi vacib prinsiplərdir.

Digər tərəfdən, bu günə qədər həll üçün ciddi səylər göstərən Kipr türklərinin məruz qaldıqları izolyasiyaların, təcrid olunmaların aradan götürülməsi də çox vacib məsələdir. Bu yöndəki fəaliyyətimizi ara vermədən davam etdirəcəyik.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti