...

Azərbaycanın müxalifət partiyası seçkilərdə müdafiə edəcəyi namizədi müəyyənləşdirib

Siyasət Materials 25 Avqust 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Ədalət Partiyasının prezident seçkisində dəstəkləyəcəyi namizədin kimiliyi müəyyənləşib.

"Ədalət Partiyası seçkilərdə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənəfəroğlunun namizədliyini müdafiə edəcək",- bazar ertəsi Trend -a BQP-yə yaxın mənbələr məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkidə öz namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib.

Ötən həftə BQP Ali Məclisi Qəzənəfəroğlunun namizədliyini irəli sürüb və Mərkəzi Seçki Komissiyası onun namizədliyini təsdiqləyib.

Mənbə bildirib ki, Ədalət Partiyasının Qəzənfəroğlunun namizədliyini müdafiə etməsi təşəbbüsü ilə bu təşkilatın sədr müavini Elxan Şükürlü çıxış edib. Artıq Şükürlünün bu təşəbbüsünün tərəflarları Qəzənfəroğlunun namizədliyinin qeydə alınması üçün tələb olunan ən azı 40 min seçici imzasının toplanılması kampaniyasına qoşulublar.

Şükürlü bazar ertəsi Trend -a açıqlamasında Ədalət Partiyası üzvlərinin Qəzənfəroğlunun imzatoplama kampaniyasında iştirakını təsdiqləyib. "Qəzənfəroğlu bizim yaxın dostumuzdur. Mən və tərəfdarlarım onun seçkilərdə uğur qazanmasına çalışırıq" - deyə Şükürlü bildirib. Partiyanın Qəzənfəroğlunun namizədliyini dəstəkləmək barədə qərar verib -verməyəcəyinə gəldikdə isə, Şükürlü bildirib ki, bu, mümkün variantlardan biridir. "Ola bilsin ki, partiya özünə yaxın bildiyi namizədi müdafiə etmək barədə qərar versin. Hələlik bizə ən yaxın namizəd Qəzənfəroğludur. İstisna etmirəm ki, partiya Qəzənfəroğlunun müdafiəsi üçün qərar qəbul etsin" -deyə o vurğulayıb.

Müxalifətçi Ədalət Partiyası 1993 - cü ildə yaradılıb, 1996 - cu ildə ADP-yə birləşib. 2000 - ci ildə "Ədalət"çilər ADP- dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003 -cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti