Azərbaycan, Bakı, 06 sentyabr / Trend / Azərbaycan hakimiyyəti prezident seçkilərinin şəffaf və demokratik keçirilməsində maraqlıdır.
"Biz maksimum dərəcədə çalışacağıq ki, seçkilər, sözün əsl mənasında, şəffaf və demokratik keçirilsin, əhalinin iradəsini əks etdirsin və qarşıdurma ilə nəticələnməsin",- deyə Prezidentin İcra Aparatının ictimai - siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov Vaşinqtonda AzərTac-a bildirib.
Əli Həsənov ABŞ Milli Demokratiya İnstitutunun dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Səfər çərçivəsində o, Vaşinqtonda bir sıra görüşlər keçirib. Dövlət Departamenti, Konqres, Beynəlxalq İnkişaf Agentliyi, Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya Fondu və bir sıra digər nüfuzlu qeyri -hökumət təşkilatlarının nümayəndələri ilə müzakirələr aparıb. Müzakirələr zamanı Azərbaycanda demokratik islahatların gedişi, insan hüquqları ilə bağlı vəziyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, eləcə də, qarşıdakı prezident seçkilərinə hazırlıq məsələləri diqqət mərkəzində olub.
Həsənov bildirib ki, Amerikada olduğu kimi, Azərbaycanda da həmişə mövcud çətinlikləri və problemləri aradan qaldırmaq üzərində iş aparılır. "Lakin bu problemlər aparıcı meil deyildir. Azərbaycanda baş verən ayrı -ayrı hadisələr ölkədə demokratiya ilə bağlı ümumi vəziyyəti əks etdirmir. Azərbaycan hökumətinin mövcud problemləri aradan qaldırmağa iradəsi də, səyləri də yetərlidir. Vaşinqton Azərbaycanda qarşıdakı seçkilərin beynəlxalq standartlara uyğun keçməsini istəyir", - deyə o bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]