...

Nuri Paşanın abidəsinin Bakıda qoyulması üçün hökumətə müraciət ediləcək

Siyasət Materials 10 Sentyabr 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 90 illiyi ilə əlaqədar Türkiyə Universitetlərinin Məzunları İctimai Birliyi bu gün Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər.

Trend -un xəbərinə görə, birliyin sədri Çingiz Bayramov Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi tarixi hadisəsi haqda məlumat verib. Bayramov bildirib ki, sentyabrın 12-də Bakının işğaldan azad edilməsinin 90 illiyi ilə bağlı Göyçay şəhərində və Bakıda Azərbaycan Pedaqoji Universitetində böyük tədbirlər keçirəcəklər.

Tarixçi Nəsman Yaqublu deyib ki, Rusiya bu gün etdiyi hərəkətləri həmin illərdə də edib.

Bakının o dövrdə ən böyük sənaye şəhəri olduğunu xatırladan Yaqublu bəzi qüvvələrin həmin vaxt Bakını açıq şəhər kimi elan etmək istədiklərini bildirib.

"O vaxt Bakını beynəlmiləl şəhər etmək istəyirdilər. Lakin azərbaycanlılar sentyabrın 15-də Bakını öz şəhəri elan etdilər", - deyə Yaqublu əlavə edib.

Yaqublunun sözlərinə görə, həmin vaxt Bakının azad edilməsi üçün hər qarışı uğrunda savaş aparılıb və təxminən 1100 azərbaycanlı və türk əsgəri şəhid olub.

"1919-cu il sentyabr ayının 5-də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin şərəfinə böyük abidənin tikilməsi üçün təməlqoyma işləri aparılıb. Lakin sonradan baş verən məlum hadisələr abidənin gerçəkləşməsinə imkan verməyib", - deyə o bildirib.

Bayramov əlavə edib ki, Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi münasibətilə Nuru Paşanın abidəsinin Bakıda qoyulması üçün hökumətə müraciət edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti