...

Azərbaycan Teleradio Şurası telekanalları namizədlərə ödənişli efir vaxtı ayırarkən reallıqları nəzərə almağa çağırıb

Siyasət Materials 19 Sentyabr 2008 16:53 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası telekanalları namizədlərə ödənişli efir vaxtı ayırarkən reallıqları nəzərə almağa çağırıb

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir E.Abbaslı/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl telekanalların prezidentliyə namizədlərin ödənişli efir vaxtı ilə bağlı vahid qiymətləndirmənin tərəfdarıdır.

"Telekanallar mövcud reallıqları nəzərə alıb, seçki təbliğatı ilə bağlı qiymətləndirmə aparmalıdır " - cümə günü Trend -a MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayıb və 28 gün davam edəcək.

Məhərrəmli deyib ki, prezidentliyə namizədlərin seçki təbliğatı ilə bağlı reklam qiymətini müəyyənləşdirmək telekanalların daxili işidir və buna Şura qarışa bilməz.

Telekanallarda reklam qiymətləri prezidentliyə namizədlərin bəzilərini qane etmir.

"Seçki təbliğatı başlayanı hələ bizə qarşı hər hansı problem yaradılmayıb. Yerlərdən seçki qərargahına şikayət daxil olmayıb. Yeganə problem telekanallarda reklam qiymətlərinin fantastik həddə yüksək olmasıdır" - müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülən Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli Trend - a bildirib.

Mirzəbəyli bildirib ki, telekanallarda reklam qiymətlərinin bu cür yüksək olmasına Teleradio Şurası baxmalıdır. "Siyasi reklamla digər reklamların qiymətlərində fərq olmalıdır. Bu qədər yüksək qiymətlər prezidentliyə namizədlərin imkanına uyğun gəlmir"-deyə Mirzəbəyli vurğulayıb.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Qəzənfəroğlu da Trend - a telekanallarda ödənişli təbliğat aparmağın imkanları xaricində olduğunu bildirib.

"Reklam qiymətləri ilə maraqlanmışıq, son dərəcə yüksək qiymətlər qoyulub. Həmin qiymətlərlə efirdən istifadə etmək mümkün deyil" - Qəzənfəroğlu vurğulayıb.

Prezidentliyə namizəd Milli Teleradio Şurasının sədrinə müraciət edilməsi təşəbbusünə qoşulur.

"Düşünürəm ki, problemlə bağlı Nuşirəvan Məhərrəmliyə müraciət edək" - Qəzənfəroğlu əlavə edib.

Azərbaycanda özəl telekanallarda prezidentliyə namizədlərin ödənişli efir vaxtının qiyməti, günün müxtəlif saatlarından asılı olaraq, saniyəsi, orta hesabla, 40 - 99 manat aralığında dəyişir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti