Azərbaycan, Bakı, 08 oktyabr /TrendNews, müxbir K.Zərbalıyeva/ Azərbaycanda 8 il öncə qətlə yetirilmiş ABŞ Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Con Elvisin qatilləri hələ də tapılmayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, qətli törədənlərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, hadisəni törədənlər tapılmadığından faktla bağlı başlanmış cinayət işinin istintaqı dayandırılıb. Hadisəni törədənlər tutulandan sonra istintaq hərəkətləri davam etdiriləcək.
Elvis 2000-ci ilin noyabrında gəcə saatlarında öz mənzilində qətlə yetirilib.
Baş prokuror Zakir Qaralov bu hadisə ilə bağlı mətbuata açıqlamalarında bildirib ki, cinayətin istintaqına ABŞ Federal Təhlükəsizlik Bürosunun əməkdaşları da cəlb olunub.
Həmçinin o, qeyd edib ki, cinayəti törədənlərdən birinin xarici ölkə vətəndaşı olduğu ehtimal olunur.
Qeyri-rəsmi məlumatlara görə, Elvis azyaşlı oğlan uşaqlarını Bakıdakı mənzilinə apararaq onlara qarşı seksual hərəkətlər edib. Qətlin də bu səbəbdən törədildiyi ehtimal olunur.
Qətldən sonra hüquq-mühafizə orqanları tərəfindən bir neçə azyaşlı oğlan uşaqları saxlanılıb və sonradan sərbəst buraxılıblar.
Məqalə müəllifi ilə əlaqə: [email protected]