...

Partiyanın lideri Rəsul Quliyev Ali Məclis üzvlərinin qərarına veto qoya bilməz - ACP sədrinin müavini

Siyasət Materials 8 Oktyabr 2008 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın müxalif Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müavini Ali Məclisin indiki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməsi barədə bu gün qəbul etdiyi qərara partiyanın lideri, eks-spiker Rəsul Quliyevin hörmətlə yanaşacağına inanır.

"Bizim Nizamnaməyə görə, Ali Məclis üzvlərinin üçdə ikisi iclasda iştirak edirsə, artıq lider qəbul olunan qərara veto qoya bilməz" -çərşənbə günü Trend -a partiya sədrinin müavini Yaqub Abbasov deyib.

Trend - un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007 - ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks - spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007- ci ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları etiraz olaraq ADP- dən imtina edib, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

ACP sədrinin müşaviri Solmaz Ələsgərova və İdarə Heyətinin üzvü, Ali Məclis sədrinin müavini Oqtay Mirzəyev partiyanı fəaliyyətsizlikdə qınayaraq, istefa veriblər.

ACP sədrinin müavini deyib ki, Quliyev narazılıq etsə belə, Ali Məclisin qərarı qüvvədə qalacaq.

Abbasovun sözlərinə görə, İlham Əliyevin namizədliyinin dəstəklənməsi qərarı partiyada parçalanmaya səbəb olmayacaq.

"Ali Məclisin hər bir üzvünə düşünmək, fikirlərini demək üçün kifayət qədər şərait yaradılmışdı. Demək olar ki, hamı qərarın lehinə səs verib", - ACP sədrinin müavini bildirib.

Abbasovun fikrincə, bu qərarı qəbul etməkdə başlıca məqsədləri ABŞ - da mühacirətdə yaşayan partiya liderinin ölkəyə qayıtmasına şərait yaratmaqdır.

Partiya funksioneri, İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinə baxmayaraq, ACP -nin müxalifət mövqeyində qaldığını da bildirib.

"Seçkini boykot edən müxalifətlə də bundan sonrakı münasibətlərimizin normal olacağını düşünürəm. Prezident seçkilərindən sonra münasibətlərin yeni müstəivdə qurulması istiqamətində addımlar atılmalıdır. Mənə elə gəlir ki, indiki hakimiyyət də bunun üçün siyasi iradə ortaya qoyacaq", - Abbasov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti