...

Azərbaycan parlamenti seçki komissiyalarında boş qalan yerlərin partiyalara verilməsi məsələsinə baxmayacaq - vitse-spiker

Siyasət Materials 10 Oktyabr 2008 10:26 (UTC +04:00)
Azərbaycan parlamenti seçki komissiyalarında boş qalan yerlərin partiyalara verilməsi məsələsinə baxmayacaq - vitse-spiker

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti ölkənin seçki komissiyalarında boş qalan yerlərin qanunverici orqanda azlıq təşkil edən müxalifət partiyalarına verilməsi məsələsinə baxmayacaq.

"Parlamentdə azlıq təşkil edən müxalifət partiyaları bu məsələ ilə bağlı öz aralarında razılığa gəlməlidirlər", cümə günü Trend -a parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Seçki Məcəlləsinə görə, Azərbaycanın seçki komissiyaları parlamentdə çoxluq təşkil edən, azlıqda qalan partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşdırılır. Mərkəzi Seçki Komissiyasının altı üzvü parlamentdə çoxluq təşkil edən, altı üzvü azlıqda qalan partiyaları, altısı isə bitərəf deputatları təmsil edir.

Parlamentdə dörd deputatla təmsil olunan sağ-mərkəzçi Müsavat Partiyası seçki komissiyalarında ona ayrılan yerlərə öz nümayəndələrini göndərməkdən imtina edib. Parlamentdə azlıq təşkil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Həmrəyliyi partiyaları seçki komissiyalarında boş qalan yerlərin onlara verilməsini təklif edirlər. Partiyalar məsələnin parlamentdə müzakirəyə çıxarılmasını istəyirlər.

Əsgərov qeyd edib ki, parlament bu məsələyə müdaxilə etməyəcək. Onun fikrincə, parlamentdə azlıq təşkil edən partiyalar komissiyalara nümayəndə göndərmək məsələsində razılığa gələ bilmirlər.

"Hər bir partiya komissiyalara öz nümayəndəsini göndərmək istəyir. Ona görə də belə bir vəziyyət yaranıb. Komissiyalarda bir necə yerin boş qalması ciddi problem deyil və prezident seçkisinə mane ola bilməz", - birinci vitse-spiker əlavə edib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti