Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir Ş.Cavadsoy/ "Azad, Şəffaf, Ədalətli Seçki" Koalisiyası (AŞƏS) Azərbaycandakı prezident seçkisində apardığı exit poll-un ilkin nəticələrini açıqlayıb. Prezidentliyə namizədlərdən hakim partiyanın namizədi İlham Əliyev 85,7 faiz, müxalifətçi Ümid Partiyasının namizədi İqbal Ağazadə - 3,5 faiz, bitərəf Qulamhüseyn Əlibəyli - 3,1 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,7 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev - 2,5 faiz, Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev - 1,4 faiz və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,8 faiz səs qazanıb.
İlkin nəticələrə görə, 50 000 bülletendən istifadə olunub, 197 bülleten (0,3 faiz) etibarsız hesab edilib.
İlkin nəticələri Trend -a AŞƏS-in təmsilçilərindən biri, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov verib.
5 Qeyri-Hökumət Təşkilatı (QHT) - "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi, "Demokratik Seçki Mərkəzi", "İntellekt" Araşdırmalar Mərkəzi, "Siyasi İnformasiya və Texnologiyalar Mərkəzi", "Azərbaycanda Regional İnkişaf Mərkəzi" ictimai birlikləri yaratdıqları Koalisiyanın prezident seçkisi ilə bağlı son nəticələrini oktyabrın 16 -da keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlar.
50 Seçki Dairəsində seçkilərin sadə monitorinqini keçirmiş AŞƏS gün ərzində 57 Seçki Dairəsinin 488 seçki məntəqəsində exit-poll aparıb.
Seçki dairələrinin 15-i Bakıda, 42-si regionlarda yerləşir . Ümumi müşahidəçilərin sayı 2476 nəfərdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]