Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir A.Hüseynbala/ Avropa ölkələrinin ictimai təşkilatları və QHT-lərinin nümayəndələrindən və ekspertlərindən ibarət müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib.
"Azərbaycandakı seçkilər beynəlxalq demokratik standartlara müvafiq olaraq keçirilib. Secki prosesində yüksək texnologiyalardan istifadə olunub", cümə axşamı müşahidə qrupunun Trend -a daxil olan bəyanatında qeyd olunub.
Qrupa Avropanın 7 ölkəsini təmsil edən 34 nəfərlik beynəlxalq müşahidəçi daxildir. Beynəlxalq müşahidəçilər təkcə Bakıda deyil, bir sıra regionlarda da, xususilə Qubada muşahidələr aparıblar. İki fransız muşahidəci ilk dəfə olaraq azadlıqdan məhrumetmə yerlərində də muşahidə aparıblar (qadın həbsxanası, kişi həbsxanası, məhbuslar ucun xəstəxana).
MSK-nın ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 89,04 faiz.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.
Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]