Azərbaycan, Bakı, 16 oktyabr / Trend , T. Cəfərov / Azərbaycanda keçirilən prezident seçkilərini izləyən İrandan olan müşahidəçilər seçkilərin nəticələrini müsbət qiymətləndiriblər.
"Səsvermənin gedişində regionlarda seçki məntəqələrinin yaradılması və seçicilərin regionlar üzrə siyahıya alınaraq səsvermədə iştirakı bizim üçün maraqlı idi", - cümə axşamı İran parlamentinin nümayəndəsi və İran-Azərbaycan parlament dostluq komissiyasının sədri Seyid Kazim Musəvi Trend -a bildirib.
O əlavə edib ki, belə təcrübənin bir neçə üstünlüyü var. Birincisi budur ki, seçici öz yaşadığı ərazidə səs verir və tanınır. İkinci üstünlüyü isə budur ki, seçici səs verməyə gəldiyi zaman onun barmağının üzərinə mürəkkəb vurulur və ultra bənövşəyi işıqla yoxlanılır. Bu məsələ seçicinin ikinci dəfə səs verməsinin qarşısını alır.
Musəvi bildirib ki, Azərbaycanda keçirilən prezident seçkiləri yüksək səviyyədə keçirilib və müşahidə apardığı zaman ciddi qanun pozuntularına rast gəlməyib.
"İran rəsmiləri, dövləti və parlamenti adından seçkilərdə İlham Əliyevin qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm", - Musəvi əlavə edib.
MSK-nın ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 89,04 faiz.
Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.
MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.
Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]