Azərbaycan, Bakı 27 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi qəsdən adam öldürmə, adam oğurluğu və digər cinayətlərə görə məhkum olunmuş Hacı Məmmədovun başçılıq etdiyi dəstənin törətdiyi daha bir cinayətin üstünü açıb.
MTN -in İctimaiyyətlə Əlaqələr Mərkəzinin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, 1993 - cü il mayın 10 - da Samur - Abşeron kanalının Xızı rayonu Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında sudan şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. Naməlum meyitin 1952 - ci ildə Gürcüstanın Bolnisi rayonu Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlunun olduğu və onun 1993 - cü il aprelin 13 - də saat 14.00 radələrində idarə etdiyi "QAZ-2410" markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib.
Ekspertiza rəylərinə əsasən, Piriyevin "AK-74" markalı avtomat silahdan açılan atəşlə öldürüldüyü müəyyən edilib. Eyni zamanda, məlum olub ki, Piriyev itkin düşəndən sonra evinə naməlum şəxslər tərəfindən telefon zəngləri edilərək, onun qaytarılması üçün qohumlarından hədə - qorxu yolu ilə külli miqdarda pul tələb olunub, lakin yaxınları tələb edilən pulu verməkdən imtina ediblər.
Piriyevi öldürən şəxslər müəyyən edilmədiyindən, 1994 - cü il mayın 30 - da cinayət işinin istintaqı dayandırılıb.
Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar qururpun ifşasından sonra, Piriyevin öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat yenilənib.
İstintaq müəyyənləşdirib ki, Piriyevi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə 1995 - ci ildən axtarışda olan Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev qətlə yetirib.
Şahid qismində Hacı Məmmədov istintaqa verdiyi ifadəsinə bildirib ki, o, Abşeron rayon polis şöbəsində rəis müavini işlədiyi dövrdə həmin şöbənin rəisi Məmmədəli Əliyevlə aralarında etibar və yaxşı münasibətlər yaranıb. 1993 - cü ildə Məmmədəli Əliyev onu, Cavanşir adlı dostu ilə də tanış edib. Məmmədəli Əliyev Abşeron rayon polis şöbəsinin rəisi kimi, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevə hamilik edib, biznesmen isə, bunun müqabilində müntəzəm olaraq Məmmədəli Əliyevə "haqq" verib.
Məmmədəli Əliyev polis orqanlarından təqaüdə buraxıldıqdan sonra, Cavanşir Piriyevə hamilik imkanı olmadığına görə, sonuncu ona "haqq" verməkdən imtina edib. Cavanşir Piriyevin verdiyi gəlirdən məhrum olan Məmmədəli Əliyev tamah məqsədilə onu 1993 - cü il aprelin 13 - də "QAZ-2410" markalı avtomobili ilə birlikdə oğurlayıb, qohumlarından külli miqdarda pul tələb edib. Lakin məqsədinə çata bilmədiyindən, qanunsuz saxladığı avtomat silahla Piryevi qətlə yetirib.
Əliyev Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək və meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Əliyev Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.
Bu hal üzrə ifadə verərkən Hacı Məmmədov deyib ki, törətdiyi və ya iştirak etdiyi digər cinayətlər barədə də danışacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]