Gürcüstan, Tbilisi, 30 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili Skandinaviya turnesi çərçivəsində cümə axşamı İsveçə səfər edəcək. Turne prezidentin dünən Norveçə səfəri ilə başlayıb. Gürcüstanın nümayəndə heyətindən verilən məlumata görə, Stokholma səfər İsveç parlamentində keçiriləcək görüşlə başlanacaq.
Mixail Saakaşvili parlamentə baş çəkdikdən sonra, İsveçin Baş naziri Fredrik Raynfeldt ilə görüşəcək.
Bundan sonra Saakaşvili Beynəlxalq Münasibətlər İnstitutunda "Gürcüstan Rusiyanın təcavüzündən sonra və yeni çağırışlara cavab" mövzusunda məruzə ilə çıxış edəcək.
Günün sonunda Gürcüstan prezidenti İsveçin Sosial Demokratik Partiyasının liderləri ilə görüş keçirəcək.
Saakaşvili "Erikson" şirkətinin baş ofisinə də baş çəkəcək. O, İsveçin aparıcı biznesmenləri ilə görüşlər keçirəcək.
Gürcüstan nümayəndə heyətinin səfəri çərçivəsində iqtisadiyyat naziri Yekaterina Şaraşidze öz isveçli həmkarı ilə iqtisadi əməkdaşlıq barədə saziş imzalayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]