İran, Tehran, 30 oktyabr/ Trend , müxbir A.Namdari/ Sərhədsiz Reportyorlar Təşkilatı və Human Rights Watch təşkilatı İranda qadın haqlarının pozulmasına etiraz edərək, İran rəsmilərini qadın haqlarını qorumağa çağırıb.
Son vaxtlar İranda bir neçə qadın hüquq müdafiəçisi həbs edilib. Qadın hüquq müdafiəçisi Əşa Mömini oktyabrın 15- də həbs olunub. Hazırda o, həbsxanadadır və onun ittihamı ilə bağlı açıqlama verilmir.
"İran hökuməti qadın hüquq müdafiəçilərinə qarşı sərt davranışlarına davam edir, onları özbaşına həbs edir, ölkədən çıxmalarına mane olur və repressiyalara məruz qoyur",- deyə Human Rights Watch təşkilatı öz bəyanatında bildirir.
Human təşkilatının Orta Asiya üzrə direktoru Sara Li Vitson bildirib ki, İran hökuməti qadınların hüquqlarının bərpası üçün çalışan qadın hüquq müdafiəçilərini sakitləşdirmək əvəzinə, ölkədə ayrı-seçkilik salan qanunların ləğvinə çalışmalıdır.
Sərhədsiz Reportyorlar Təşkilatının bəyanatında İranın məhkəmə strukturlarında qadın haqları müdafiəçilərinə qarşı hədələrin artıdığı vurğulanır.
Sərhədsiz Reportyorlar Təşkilatı İranın məhkəmə strukturlarında qadın hüquqlarının müdafiəçilərinə qarşı repressiyalardan əl çəkməyə çağırıb.
İranın məhkəmə orqanları ötən üç il ərzində 100- dən çox qadın hüquq müdafiəçisinin həbsi haqqında qərar çıxarıb. Bundan başqa, "bir milyon imza" kampaniyası fəallarının ölkədən çıxmasına maneələr yaradılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]