...

Azərbaycanda Milli Dirçəliş günü münasibətilə jurnalistlərə mükafat verilib

Siyasət Materials 17 Noyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda Milli Dirçəliş günü ilə bağlı elan olunan müsabiqəyə yekun vurulub.

"1988-ci il noyabrın 17-də başlayan Milli Azadlıq Hərəkatının kütləvi informasiya vasitələrində işıqlandırılması üçün elan etdiyimiz müsabiqənin dörd qalibi olub. Onlar "İstiqlal naminə" mükafatına layiq görülüblər", - bazar ertəsi Trend Xəbərlər Şirkətində keçirilən tədbirdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov bildirib.

Trend -ın arayışı: Noyabrın 17-də Azərbaycan Milli Dirçəliş günü - Milli bayramını qeyd edir. Bu gün dövlət tərəfindən 1992-ci ildə elan edilib. Bu bayram 1988-ci ilin noyabr-dekabr hadisələri ilə bağlıdır. 1988-ci il noyabrın 17-də Bakının o zaman Lenin, indi isə Azadlıq adlandırılan əsas meydanında Dağlıq Qarabağ məsələsində ittifaq və respublika hakimiyyətlərinin siyasətinə etiraz olaraq ictimaiyyətin fasiləsiz mitinqləri başlamışdı.

Bir neçə gündən sonra meydan keçmiş SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş yerlərdən Bakıya gətirilmiş daxili qoşunların qüvvələri ilə əhatə olundu. Dekabrın 3-4-də, gecə mitinq iştirakçıları zorla meydandan çıxarıldı və onlardan çoxu həbs edildi.

Azərbaycanda baş verən bu hadisələr indi respublikanın müstəqillik əldə etməsinə gətirib çıxaran milli-azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndirilir.

Müsabiqədə iştirak edən İctimai Televiziyanın əməkdaşı Qərənfil Xəlilova, tarixçi alim Nəsiman Yaqublu, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili və "Olaylar" agentliyi və qəzetinin baş redaktoru Yunuz Oğuz qalib elan olunublar.

Tədbirin sonunda Milli Dirçəliş gününün 20 illiyi ilə bağlı Azadlıq Hərəkatçıları Birliyinin müraciəti qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti