...

Azərbaycanın hərbi prokuroru Silahlı Qüvvələrə ictimai nəzarti həyata keçirən qurumun yaradılmasını istəyir

Siyasət Materials 12 Dekabr 2008 13:22 (UTC +04:00)
Azərbaycanın hərbi prokuroru Silahlı Qüvvələrə ictimai nəzarti həyata keçirən qurumun yaradılmasını istəyir

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbaliyeva, İ.Əlizadə/ Azərbaycanın hərbi prokuroru Silahlı Qüvvələrdə intihar və digər ölüm faktlarının, arzuolunmaz halların baş vermə səbəblərinin araşdırılması üçün ictimai nəzarti həyata keçirən bir qurumun yaradılmasına tərəfdardır.

"Belə bir qurumun yaradılması mümkündür və yaxın gələcəkdə belə bir qurum yaranacaq. Silahlı Birləşmələrə ictimai nəzarətin hansı formada həyata keçiriləcəyi barədə dəqiq bir söz deyə bilmərəm", - Trend -un məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Trend -un arayışı: Bir qism ekspertlər hesab edirlər ki, əsgərlər arasında ölüm hallarına çox vaxt intihar donu geyindirirlər.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bildirib ki, ordudakı qanunsuzluqlar, özbaşınalıqlar fərariliyə və intiharlara səbəb olur.

Ekspertin sölərinə görə, il ərzində orduda orta hesabla 60-a yaxın Nizamnamədən kənar ölüm və intiharlar hadisəsi baş verir. Bu statistikanın düşmən tərəfindən öldürülən əsgərlərin sayından çox olduğunu deyən Məmmədov hesab edir ki, Nizamnamədən kənar ölüm hadisələri daha çox komandirlərin məsuliyyətsizliyi səbəbindən baş verir.

İntiharların və Nizamnamədən kənar ölümlərin adi bir səbəbdən deyil, əsgərlərin təhqir olunması, işgəncə verilməsi səbəbindən baş verdiyinə əmin olan ekspertin fikrincə, bu faktlar əksər vaxtlar hərbi hissə komandirləri tərəfindən ört-basdır edilir.

"Belə faktlar hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmır, bütün günah ölənin, intihar edənin üstünə qoyulur. Bu isə cəzasızlıq şəraiti yaradır. Cəzasızlıq isə cavabdeh şəxslərin qanunsuz hərəkətlərinə daha da rəvac verir", - deyə ekspert vurğulayıb.

Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə Azərbaycan ordusunda Nizamnamədən kənar ölüm hadisələrinin, intiharların olmasından təəssüflənir və buna səbəb olan vəziyyətin aradan qaldırılmasını vacib sayır.

Millət vəkili orduda hərbi psixoloqların rolunun, əsgərlərin psixoloji hazırlığının artırılmasını təklif edir. O, bununla bağlı məqbul bir variantın tapılacağına ümid etdiyini də qeyd edib.

Müstəqil hərbi ekspertlər son vaxtlar əsgərlər arasında intiharların sayının artdığını iddia edirlər.

Hərbi prokuror deyib ki, Azərbaycan Silahlı Qüvvələrində bu il hərbi xidmət əleyhinə olan bütün növ cinayətlərin sayı azalıb.

Hərbi prokuror bildirib ki, hərbçilər arasında intiharların sayı azalıb. Azərbaycan ordusunda intihar faktlarının olmasından təəssüflənən Vəliyev deyib ki, hərbçilər arasındakı intiharların bir qismi ailə-məişət zəminində, digər qismi isə hərbi xidmətdə Nizamnamədən kənar münasibətlərlə bağlı baş verir.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti