...

Rumıniyada Azərbaycanın ümummilli liderinin xatirəsi yad edilib

Siyasət Materials 12 Dekabr 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Cümə günü Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib.

Bu gün, dekabrın 12- də ümummilli lider Heydər Əliyevin vəfatının beş illiyi qeyd olunur.

Azərbaycanın Rumıniyadakı səfirliyinin Heydər Əliyev xiyabanında təşkil etdiyi mərasimə görkəmli ictimai xadimlər, ziyalılar, Rumıniya parlament və senatının nümayəndələri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndələri, Azərbaycan-Rumıniya Ticarət Palatasının nümayəndələri dəvət edilmişdilər, - səfirlikdən Trend -a bildiriblər.

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov Heydər Əliyevin doğma diyarı üçün gördüyü çoxsaylı işləri, zəngin mədəniyyəti, böyük tarixi keçmişi olan Azərbaycanı necə tərəqqiyə çatdırması barədə danışıb.

Qonaqlara Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosessiya və sənədli film təqdim olunub.

Heydər Əlirza oğlu Əliyev 1923 - cü il mayın 10 - da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.1941- ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944 - cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964 - cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967- ci ildən isə, sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957- ci ildə isə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969 - cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri olub. 1982 - ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990 - cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991- ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Əliyev 1991-1993 - cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1992 - ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993 - cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993 - cü il iyunun 15 - də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24 - də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı.

1993 - cü il oktyabrın 3 - də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998 - ci il oktyabrın 11- də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycanın Prezidenti olub. 2003 - cü il oktyabrın 15 - də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

Heydər Əliyev 2003 - cü ildə ABŞ - da klinikada vəfat edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti