...

Moskvada yaşayan Azərbaycan gəncləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib

Siyasət Materials 15 Dekabr 2008 23:25 (UTC +04:00)
Moskvada yaşayan Azərbaycan gəncləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib

Rusiya, Moskva, 15 dekabr / Trend müxbir R.Ağayev / Moskvada yaşayan Azərbaycan gəncləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib. Moskvanın Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun (MBMDİ) Azərbaycan klubu və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən təşkil olunan xatirə gecəsi bu gün sözügedən ali təhsil ocağında keçirilib. Bir neçə il öncə burada Heydər Əliyevə fəxri doktor Adı verilmişdir.

Xatirə gecəsində zala toplaşanlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təqdim olunan Heydər Əliyevin həyatı və fəaliyyəti haqda sənədli xronika təqdim edilib.

Azərbaycan gəncliyi adından çıxış edən Moskvanın Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun diplomatiya kafedrasının aspirantı Natiq Əliyev qeyd edib ki, görkəmlt dövlət xadimi, unikal şəxsiyyət və böyük siyasətin qrossmeysteri olan Heydər Əliyev azərbaycanlılara özünəinam, gələcəyə ümid və Azərbaycana sərhədsiz sevgi bəxş edib. Onun sözlərinə görə, bütün Azərbaycan xalqı və konkret olaraq Moskvada təhsil alan azərbaycanlı gənclər həmişə Azərbaycanın ümummilli lideri olan Heydər Əliyevin əziz xatirəsini yad edəcəklər.

Xatirə gecəsində iştirak edən tanınmış dramaturq Rüstəm İbrahimbəyov, Heydər Əliyevin köməkçisi, SSRİ Nazirlər Şurası sədrinin birinci müavininin məsləhətçisi Yuri Soloduxin, Nazirlər Şurası sədrinin katibliyinin müdir müavini Vladimir Uxov, DTK polkovniki Georgiy Pozdorovkin və digərləri tələbələrlə böyük siyasətçi ilə bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, Heydər Əliyev dövrümüzün görkəmli siyasətçiləri ilə yanaşı bəşəriyyətin tarixinə düşmüş dünya miqyaslı şəxsiyyətdir.

Foyedə Heydər Əliyevin həyatı və fəaliyyətinin müxtəlif dövrlərinə aid fotosərgi təşkil olunub.

Xəbər lenti

Xəbər lenti