...

Azərbaycanın hakim partiyası parlamentdə prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını təklif edib

Siyasət Materials 16 Dekabr 2008 12:50 (UTC +04:00)
Azərbaycanın hakim partiyası parlamentdə prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin müzakirəyə çıxarılmasını təklif edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyasının sədr müavini parlamentin bu gün keçirilən iclasında Konstitusiyada prezidentin səlahiyyət müddətiylə bağlı maddənin dəyişdirilməsi barədə məsələnin referenduma çıxarılması təklifi ilə çıxış edib.

"Bir şəxsin iki dəfədən artıq prezidentliyə seçilməsinə məhdudiyyətin qoyulması vətəndaşların seçmək hüququnu məhdudlaşdırır" - hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Konstitusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı maddənin dəyişdirilməsi barədə məsələnin referenduma çıxarılmasını istisna etmir.

"Azərbaycanda demokratik cəmiyyət formalaşır və ayrı - ayrı fikirlərin, təşəbbüslərin, o cümlədən dövlət institutlarının fəaliyyət prinsipləri ilə bağlı yeni yanaşmalar və rəylərin səslənməsi vətəndaş cəmiyyətinin ayrılmaz amili olan söz və fikir azadlığının tərkib hissəsidir", - noyabrın əvvəllərində Trend -a eksklüziv müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

"Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır" -daha öncə Trend - a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Əhmədov deyib ki, YAP parlamentin növbəti iclaslarında bu məsələnin müzakirəsinin gündəliyə salınması təklifi ilə çıxış edəcək. "Hesab edirəm ki, Konstitusiyaya dəyişiklik məsələsi parlamentdə çoxluq tərəfindən dəstəklənəcək" - YAP sədrinin müavini əlavə edib.

İclasda müxalifət deputatlarından Vətəndaş Həmrəyliyi Partiyasının müavini Fəzail İbrahimli və Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Konstitusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı maddənin dəyişdirilməsi barədə məsələnin referenduma çıxarılması təklifini dəstəkləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti