...

Azərbaycan paytaxtında yaşayış binasında baş verən partlayışla bağlı bir nəfər həbs edilib

Siyasət Materials 21 Yanvar 2009 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir S.Kazımlı/ Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışla əlaqədar şübhəli şəxs qismində saxlanılan Orxan Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Şəhər Prokurorluğundan çərşənbə günü Trend -a  verilən məlumata görə, Əliyev barəsində yanvarın 19 - da Səbail rayon məhkəməsi 2 ay müddətinə həbs qərarı çıxarıb.

Əliyev bu binanın 60-cı mənzilində kirayə yaşayıb. O, Bakının Nəsimi rayon Polis İdarəsinin 19-cü bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əliyev Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və daha artıq insanın öldürülməsi (124.2) və ağır nəticələrə gətirib çıxaracaq ehtiyatsızlıq səbəbindən əmlakın məhv edilməsi və ona ziyan vurulması (187.3) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham olunur.

Trend -un arayışı:Yanvarın 16-da Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib və bir girişinin dörd və beşinci mərtəbələri tamamilə dağılıb.

Hadisə nəticəsində Tahirov Osman Rüstəm oğlu (1971), Əkbərov Hafiz Nurulla oğlu (1959), Bağırova Fərqanə İlyas qızı (1972), Hüseynova Nərgiz Bəhlul qızı (1942) və Murtuzayeva Elnarə (1980) həlak olub, 10 nəfər xəsarət alıb. Xəsarət alanların 6-sı hadisə günü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev həmin gün bildirib ki, ilkin versiyalara görə, partlayış mənzillərdən birində qaz sızması nəticəsində baş verib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq (314.2) maddəsi ilə cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti