...

Azərbaycanın solçu qüvvələrinin vahid blokda birləşməsi ideyası baş tutmadı

Siyasət Materials 28 Yanvar 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın bütün solçu qüvvələrinin vahid blokda birləşməsi ideyası baş tutmadı. Soltəmayüllü qüvvələrdən Xalq Sosialist, Mütərrəqi-Sosialist və Solçu Demokrat partiyaları yeni blok yaradır və parlament seçkisinə blok şəklində qatılmaq niyyətindədirlər.

"Partiyalar arasında əməkdaşlığa dair ilkin razılıq əldə olunub. Dövlət qeydiyyatına alınandan sonra sosialist partiyaların blokunun yaradılması istisna olunmur", - çərşənbə günü Trend -a yeni təsis olunacaq  Solçu Demokrat Partiyasının (SDP) sədri Elşən Manafov bildirib.

Trend -un arayışı: Ötən ilin sonunda Azərbaycan Sosialist, Kommunist, Vahid Kommunist partiyaları və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyası Solçu Qüvvələr Birliyi yaradıblar. Birliyin yaradılmasında məqsəd bələdiyyə və parlament seçkilərində vahid platformadan çıxış etməkdir.

Azərbaycanda bələdiyyə seçkisi bu il, parlament seçkisi isə 2010-cu ildə keçiriləcək.

Xalq Sosialist Partiyası keçən ilin oktyabrında təsis olunub və qeydiyyata alınması üçün sənədləri Ədliyyə nazirliyinə təqdim edib. Mütərrəqi-Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov isə Azərbaycan Kommunist Partiyasından ayrılaraq rəhbərlik etdiyi siyasi təşkilatı yaradıb.

Manafov bildirib ki, sosialist partiyaların bloku ölkədə sosialist dəyərləri təmsil edəcək quruma çevrilmək niyyətindədir. "Ölkədə sol elektoratın daşıyıcısı olan kifayət qədər insan var. Sosialist partiyaların yaxın gələcəkdə əsas məqsədi  sağçı partiyalara hörmət etməklə yanaşı, solçu şüarları onların əlindən almaq olacaq. Bu həm sağçıların inkişafına və ölkədə solçu və sağçı partiyalar arasında normal siyasi münasibətlərin  qurulmasına öz töhvəsini verə bilər", - o deyib.  

SDP sədrinin sözlərinə görə, sosialist partiyaların bloku kommunistlərsiz fəaliyyət göstərməyi daha məqbul hesab edəcək. "Sosialist partiyaların təmsil olunduğu birlik kommunistlərin ideologiyasına hörmətlə yanaşaraq,  onlarsız fəaliyyət göstərəcək. Dövlətçilik tarixində kommunistlərin etdiyi günahlara görə, sosialistlər heç bir məsuliyyət daşımamalıdırlar. Kommunistlər və sosialistlər arasında mülkiyyətə, kapitala və vergi məsələlərinə münasibətdə kifayət qədər fərqli baxışlar var. Həmçinin ölkədəki mövcud siyasi reallıqlara münasibətdə də fərq özünü getdikcə qabarıq biruzə verir", - Manafov deyib.

O, Xalq Sosialist, Mütərrəqi-Sosialist və Solçu Demokrat partiyalarının analitik mərkəzin yaradılması barədə razılığa gəldiyini bildirib. "Mərkəzin yaradılmasında əsas məqsəd fevral ayında antiböhran fəaliyyət proqramı hazırlayıb hökumətə təqdim etməkdir. Avropa, ABŞ-dakı tendensiyalar göstərir ki, həmin ölkələrin parlament və hökumətləri məhz solçu partiyaların maliyyə böhranından çıxmaqla bağlı təkliflərini diqqətlə nəzərdən keçirirlər", - SDP sədri əlavə edib.

Trend -un arayışı: Elşən Manafov Azərbaycan Sosial Demokrat Partiyası sədrinin ideoloji məsələlər üzrə katibi və Mərkəzi Komitənin Büro üzvü olub. Ötən ilin sentyabrında partiyanın həmsədri Araz Əlizadəni qurumu idarə edə bilməməkdə ittiham edən Manafov partiyadan xaric olunub. Bundan sonra o, öz tərəfdarları ilə yeni Solçu Demokrat Partiyası yaratmaq barədə qərar verib. Partiyanın bu ilin birinci yarısında təsis olunacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti