Azərbaycan, Bakı, 09 fevral / Trend müxbir Е.Оstapenko/ "Pentaqon Qırğızıstandakı Manas ABŞ bazasının statusunun dəyişdirilməsi haqda rəsmi xəbərdarlıq almayıb və bazadakı əməliyyatlar adi rejimdə davam etdirilir", - Trend -a ABŞ-ın müdafiə qurumunun press-ofisindən xəbər verilib.
"Biz xəbərdarlıq almayınca Manasda normal əməliyyatları davam etdirəcəyik", - Vaşinqtondan telefonla Pentaqonun mətbuat xidmətinin nümayəndəsi, leytenant Mark Rayt bildirib.
Qırğızıstan Respublikası cümə axşamı 2001-ci ildən etibarən ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək məqsədilə istifadə olunan Bişkekin Manas hava limanındakı ABŞ bazasının bağlanması haqda rəsmi bəyanat yayıb.
"Manas bazası bizim Əfqanıstana tədarüklərimiz üçün vacib nəqliyyat məntəqəsidir və biz orada qalmağa ümid edirik", - Rayt Pentaqonun bu məsələdə son qərar qəbul etmədiyini qeyd edərək bildirib.
"Müzakirələr ABŞ dövlət Departamenti ilə Qırtğızıstan höükməti arasında aparılır", - o deyib.
Manasın NATO-nun Əfqanıstana qeyri-hərbi tədarükü üçün çox vacib nəqliyyat mərkəzi olmağına baxmayaraq, Raytın sözlərinə görə, Pentaqon bir neçə alternativ həm hava, həm də quru marşrutuna malikdir. "Belə məntəqələrdən birində problemlər yarananda biz, Əfqanıstandakı ABŞ qoşunları üçün nəzərdə tutulan yükləri başqa məntəqə vasitəsilə də tədarük edə bilərik, - Rayt qeyd edib. - Bizim nəinki Pakistan və ya Tacikistan, eləcə də bütün region üzrə yükçatdırma yollarımız vardır".
"Tacikistan Şimali Atlantika alyansının qeyri-hərbi yüklərinin Əfqanıstana daşınması üçün hava dəhlizi verməyə hazırdır, - ABŞ-ın Tacikistandakı səfiri Treysi Enn Ceykobson cümə günü bildirib", - Reuters xəbər verir.
"Tacikistanın quru ərazisindən yük tranziti məsələsi də müzakirə olunur. Bu haqda müqavilə bu ölkənin prezidenti ilə Brüsseldə Avropa komissiyasının üzvləri arasında gələn həftə keçiriləcək görüşdə bağlana bilər", - Reuters məlumat verib.
ABŞ səfirinin sözlərinə görə, ABŞ həm də sərhəd çayı Pənc üzərindən ikinci körpünün tikintisi məsələsini də nəzərdən keçirəcək. Birinci körpü 2007-ci ilin avqustunda fəaliyyətə başlayıb və ABŞ-a 37 milyon dollara başa gəlib.
"Bütün Mərkəzi Asiya ölkələri ilə yaxşı münasibətlərə malik olmağımız əladır, - leytenant Rayt hesab edir. - Onların hər biri regional sabitliyin təmin olunmasında öz rolunu oynayır və ümid edirəm ki, onlar bizim Əfqanıstandakı səylərimizi dəyərləndirəcək".
Rayt ümid edir ki, bu səylər bütün regionu sabitləşdirəcək və bütün Mərkəzi Asiya ölkələri arasında sülhü möhkəmləndirəcək.
"Biz bütün bu xalqlarla əməkdaşlıq və yaxşı münasibətlərə can atırıq", - o qeyd edib.
Tacikistan NATO ölkələri tərəfindən qeyri-hərbi yüklərin mümkün nəqliyyat məntəqələrindən biri kimi gözdən keçirilib. Buna səbəb son aylar Əfqanıstan-Pakistan sərhədində ortaya çıxmış bir sıra çətinliklər olub. Tacikistan MDB ölkələri içərisində Əfqanıstanla ən uzun - 1,344 kilometr sərhədə malik ölkədir.
Rayt vurğulayıb ki, NATO Mərkəzi Asiya ölkələrinin alyansın Əfqanıstandakı əməliyyatlarının davam etdirilməsinə olan dəstəyini alqışlayır.
"Biz bütün region ölkələrinin dəstəyini alqışlayırıq", - Pentaqonun mətbuat xidmətinin nümayəndəsi bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:
[email protected]