Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Məclisinin (parlament) vitse-spikeri Bahar Muradova xarici radiostansiyaların milli tezliklərdə yayımının qadağan edilməsini düzgün qərar hesab edir.
"Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yaymının dayandırılması məsələsi birdəfəlik bağlanmalıdır. Xarici radiostansiyaların yayımı Azərbaycanda dayandırılmayıb. Onların yayımı qanunvericiliyin tələbələrinə uyğunlaşdırılıb. Milli Televiziya və Radio Şurasının bununla bağlı düzgün qərarı hamı tərəfindən qəbul olunmalıdır", - parlamentin çərşənbə axşamı keçirilən iclasında Muradova bildirib.
Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarına əsasən, yanvarın 1-dən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq, Azərbaycan tezliklərində ВВС, "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının yayımı dayandırılıb. Xarici radiostansiyalar ancaq, İnternet və kabel şəbəkəsi ilə yayım apara bilər.
ABŞ-ın Yayım Şurası nümayəndələrinin dünəndən Bakıda başladığı görüşlərdə "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımının bərpası məsələsi müzakirə edilir.
Bir müddət əvvəl ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT-in Bakı ofisi və başqa beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı narahatlıqlarını dilə gətirib və MTRŞ-ni qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.
Muradova deyib ki, xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılması artıq gündəlik mövzu olub və bu mövzunu ironiyaya çeviriblər. "Azərbaycanda qanunvericiliyin aliliyi hər şeydən üstündür", - vitse-spiker deyib.
Azərbaycan prezidentinin sərəncamına əsasən, 2005-ci ildən etibarən tele-radio kanalların lisenziyalaşdırıloması MTRŞ-yə tapşırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]