...

Azərbaycan hökuməti xarici radiostansiyaların yayımının bərpa olunması ilə bağlı ölkə qanunvericiliyinə zidd olmayan təklifləri araşdırır

Siyasət Materials 10 Fevral 2009 16:37 (UTC +04:00)
Azərbaycan hökuməti xarici radiostansiyaların yayımının bərpa olunması ilə bağlı ölkə qanunvericiliyinə zidd olmayan təklifləri araşdırır

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan hökuməti milli tezlikdə yayımı dayandırılmış xarici radiostansiyaların yayımının bərpa olunması ilə bağlı ölkə qanunvericiliyinə zidd olmayan təkliflərə baxır.  

"ABŞ Yayım Assosiasiyası və Böyük Britaniyanın "BBC" korporasiyasının nümayəndələri digər vasitələrlə radioların yayımını davam etdirmək istəyirlər. Azərbaycan buna açıqdır", - çərşənbə axşamı   Trend -a Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarına əsasən, yanvarın 1-dən etibarən ölkənin "Teleradioyayım haqqında" qanununa uyğun olaraq, Azərbaycan tezliklərində ВВС, "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının yayımı dayandırılıb. Xarici radiostansiyalar ancaq İnternet və kabel şəbəkəsi ilə yayım apara bilər.

ABŞ-ın Yayım Şurası nümayəndələrinin dünəndən etibarən Bakıda başladığı görüşlərdə "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımının bərpası məsələsi müzakirə edilir.

Bir müddət əvvəl ABŞ Dövlət Departamenti, Avropa Şurası, ATƏT-in Bakı ofisi və başqa beynəlxalq təşkilatlar Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması ilə bağlı narahatlıqlarını dilə gətirib və MTRŞ-ni qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Həsənov bildirib ki, radiostansiyaların beynəlxalq praktikaya müvafiq qaydada Azərbaycanda yayımında heç bir problemin olmadığı dəfələrlə bəyan edilib.

"Xarici radiostansiyaların nümayəndələri digər təkliflərlə də Milli Teleradio Şurasına və müxtəlif strukturlara müraciət etməkdədirlər. Hazırda təkliflər öyrənilir. Təkliflərdə xarici radiostansiyaların yayımının davam etdirilməsi üçün müxtəlif variantlar göstərilib", - şöbə müdiri bildirib.

Həsənov təklif olunan məsələlər barəsində əlavə məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti