Qırğızıstan, Bişkek, 11 fevral / Trend , А.Тınayev/ Qırğızıstan Respublikasının hazırkı prezidenti Kurmanbek Bakiyev növbəti prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Ölkə konstitusiyası ona bu hüququ verir. Bu haqda mətbuat konfransında ölkə başçısı özü xəbər verib.
Əvvəllər müxalifət lideri olan Bakiyev, 2005-ci ildə vaxtından əvvəl seçkilərdə qələbə qazanıb və bu postda birinci müddətini keçirir.
Bakiyevin sözlərinə görə, növbəti prezident seçkilərində bu posta namizədlərin sayı çox olacaq. Ancaq dövlət başçısı kimisə fərqləndirmək istəməyib.
Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi hələ müəyyən olunmayıb.
Prezidentin fikrincə, tarix 2005-ci ilin martından hesablanırsa, seçkilər 2010-cu ildən tez keçirilməməlidir. Onun rəqibləri isə hesab edirlər ki, bu proses 2009-cu ilin dekabrına qədər baş tutmalıdır.
"Bu məsələdə yalnız respublikanın konstitusiya məhkəməsinin qərarına uyğun hərəkət etmək lazımdır", - prezident əlavə edib.
Ölkədə siyasi durum sabit deyil. Ötən ay Qırğızıstanın birləşmiş müxalifət qüvvələri prezident Bakiyevə könüllü olaraq səlahiyyətlərini yerə qoymağı təklif etdikləri barədə məktub göndərib.
Onlar bunu belə əsaslandırıb ki, onların fikrincə Kurmanbek Bakiyev respublika vətəndaşlarının konstitusiya, hüquq və azadlıqlarının təminatçısı ola bilməyib və məhz onun rəhbərliyi altında ölkə ağır iqtisadi vəziyyətə düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]