...

Venesiya komissiyası Azərbaycan hökuməti və müxalifət partiyalarının Seçki Məcəlləsi üzrə təkliflərini nəzərə almağa hazırdır

Siyasət Materials 13 Fevral 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.Rüstəmov/ Venesiya komissiyası Azərbaycan hökuməti və müxalifət partiyalarının ölkənin Seçki Məcəlləsinə dəyişikliklər edilməsi üzrə təkliflərini öz tövsiyələrində nəzərə almağa hazırdır.  

"Seçki Məcəlləsində bizim əvvəllər öz tövsiyələrimizi verdiyimiz, məsələn komissiyaların formalaşdırılması qaydası üzrə heç bir dəyişiklik edilməyən bir sıra məqamlar qalmaqdadır. Azərbaycan rəhbərliyi əməkdaşlığın davam etdirilməsini vacib sayırsa, biz məmnuniyyətlə bu dialoqu davam etdirərik", - cümə günü Trend -a Avropa Şurasının Venesiya komissiyasının nümayəndəsi Sergey Kuznetsov Strasburqdan telefonla bildirib.

2008-ci ilin iyununda Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında birgə müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərdə Azərbaycan müxalifətinin istədiyi kimi komissiyaların paritet əsasında formalaşdırılması öz əksini tapmayıb. Seçki qanunvericiliyinə etiraz əlaməti olaraq Azərbaycanın bir neçə müxalifət partiyası oktyabrın 15-dəki prezident seçkilərində iştirak etməkdən imtina edib.

"Azərbaycan Seçki Məcəlləsi üzərində işin davam etdirilməsi imkanı var və biz müxalifət və hökümətdən təkliflər almağa hazırıq və onlar təbii ki, nəzərə alınacaq", - Kuznetsov bildirib.

"Azərbaycan höküməti Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklər etmək üçün Venesiya komissiyası ilə müzakirələrə başlayacaq", - bir müddət əvvəl Trend -a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Məcəllənin bələdiyyə seçkiləri ilə bağlı, əsasən də namizədlərin irəli sürülməsi, aqitasiya vaxtı, bələdiyyə seçkilərində səsvermənin təşkilində təkmilləşdirilməsinə ehtiyac var. İlin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti