Fevralın 21-də Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzərTac dövlət agentliyinin yaydığı xəbərə görə, söhbət əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnun olduqlarını bildiriblər. Rusiya Federasiyasının prezidenti İlham Əliyevə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin (EврAзЭС) Moskvada keçirilən iclaslarının nəticələri barədə məlumat verib.
Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları dünyada iqtisadi böhranla bağlı vəziyyəti də müzakirə ediblər.
Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.