...

Mərkəzi Asiyanın özəl problemlərinin qlobal fəsadları – Trend News-un icmalçısı

Siyasət Materials 4 Mart 2009 09:00 (UTC +04:00)
Mərkəzi Asiyanın özəl problemlərinin qlobal fəsadları – Trend News-un icmalçısı

Viktoriya Javoronkova, Trend-in Avropa redaksiyasının icmalçısı

Orta Asiyada su və elektrik enerji təminatı probleminin mövcudluğu birinci dəfə deyil. Qırğızıstan və Tacikistan elektrik enerjisindən korluq çəkdikləri halda, yerdə qalan üç ölkə - Türkmənistan, Qazaxıstan və Özbəkistan su qıtlığı ilə üz-üzədirlər.
Məsələ ondadır ki, regionun əsas su mənbəyi olan Sırdərya və Amudərya çayları öncə Qırğızıstan və Tacikistan ərazilərindən keçərək, sonra digər üç ölkə ərazisinə daxil olur. Qırğızıstan və Tacikistanda əsas enerji mənbəyi su elektrik stansiyalarıdır (SES). Digər yanacaq növü olan qaz, sözügedən iki ölkədə yoxdur. Kifayət qədər maddi imkanlar olmadığından Qırğızıstan və Tacikistanın qaza olan tələbatını xaricdən almaqla ödəməsi SES-lərdə istifadə etdikləri suya görə pul vermədikləri üçün məqsədəuyğun deyil. 
Buna baxmayaraq, daxildə istehsal olunan enerji Tacikistan və Qırğızıstana yetmir. Bu qışda hər iki ölkənin vətəndaşları elektrik enerjisini gün ərzində bir neçə saat almaqla kifayətlənməli olublar. Məlum səbəblərdən əlavə SES-lərin tikilməsinə ehtiyac duyulduğundan və müvafiq olaraq əlavə su işlənəcəyindən qonşu üç Orta Asiya ölkələri narahat olmaya bilməzlər. Hamıdan əlverişsiz vəziyyətdə Özbəkistan qalıb, çünki kənd təsərrüfatının əsas sahəsi pambıqçılıqdır. Pambıq rütubətsevər bitki olduğundan suyun səviyyəsinin azalması məhsulun azalmasıyla nəticələnəcək.  
Lakin nə Tacikistan, nə də Qırğızıstan təkbaşına SES tikməyə qadir deyillər. Bu səbəbdən də hər ikisi köməyi ölkə xaricində axtarmağa məcburdurlar. Orta Asiya ölkələrinə yardımda öz təsirlərini regionda daha çox artırmaq məqsədi ilə ABŞ və Rusiya maraqlıdırlar. Rusiya Qırğızıstana SES tikmək məqsədi ilə 1,7 milyard dollar vəsait ayırıb. Çoxlarının fikrincə buna qarşılıq olaraq Qırğızıstan ABŞ-dan "Manas" hərb bazasının bağlanmasını tələb edib. 
Tacikistanla Rusiya arasında tacik alüminium zavodu TALKO-nu Amudərya hövzəsi üzərində yerləşən Vaxş çayında rus sərmayəsi hesabına tikiləcək SES-lə dəyişmək planı var idi. Rusiya prezidenti Dmitri Medvedyev Özbəkistanda səfərdə olarkən İslam Kərimova qonşu ölkələrin razılığı olmadan digər ölkələrin ərazisində SES tikməyəcəyi vədini verdi. Tackistan isə öz növbəsində Rusiyanın bu addımını öz bostanına atılan daş kimi dəyərləndirdi. 
Bunun ardınca Tacikistan prezidenti Emomali Raxmonun Rusiyaya səfəri baş tutdu. Səfər nəticəsində Tacikistan parlamenti TALKO zavodunu strateji obyektlər sırasına daxil edir və Rusiya ilə sözdə olan saziş ləğv olunur.
Beləliklə, Rusiya özünəməxsus üçbucağa düşür: bir tərəfdən regionun lideri olmaq istəyi və biri digərinə qarşı radikal mövqedə olan iki Orta Asiya ölkələri.
Regionda Rusiyanın təsirinin artırılmasında Amerikanın Qırğızıstandakı "Manas" hərbi bazasının bağlanılması böyük rol oynadı. Sözügedən baza ABŞ-ın regionda sonuncu bazası olsa da ərazidə ona iki alternativ də var. Birincisi, ABŞ HHQ-nin Özbəkistandakı keçmiş bazası. Nə qədər ki, Rusiya Özbəkistan dostluğu davam edir, ABŞ-ın ondan yararlanacağı ağlabatan deyil. İkincisi isə, Rusiyanın Tacikistan ərazisində yerləşən hərbi bazası və nə qədər ki, Düşənbə Moskva ilə dostdur, orada əl çatmaz olaraq qalır. Bəs nə etməli?
Pentaqonun Əfqanıstanda hərbi əməliyyatları davam etməsi üçün regionda hərbi bazaya ehtiyacı var və ABŞ buna nail olmaqdan ötrü istənilən variantlara əl atmağa hazırdır. Pentaqonun istəyinin reallaşması isə Rusiyanın regionda məğlubiyyəti deməkdir. Lakin Özbəkistanla Tacikistanın su və enerji ilə bağlı qarşıdurması Rusiyanın planlarını alt-üst edə bilər. Rusiya qarşıdurma ilə bağlı tərəflərdən hansı birinin yanında olarsa qarşı tərəfi ABŞ-ya doğru sürükləmiş olacaq. "Manas"da ABŞ üzərində çalınan qələbədən sonra bu, heç də Rusiya üçün qəbul olunan deyil. 
Özbəkistan və Tacikistanın hər hansı birini itrmək Rusiya üçün br addım geri deməkdir. Bu isə regionda sürən geosiyasi oyunda mühüm rol oynayır. İlk baxışdan qlobal görünməyən Orta Asiyanın su problemi Rusiya və ABŞ arasında dünyada liderlik uğrunda gedən əzəli mübarizədə böyük rol oynayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti