...

Qərbin və İranın qarşılıqlı hədələrini sinxron şəkildə aradan qaldırmaq lazımdır – Rusiyanın NATO-da daimi nümayəndəsi

Siyasət Materials 6 Mart 2009 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir E.Tarıverdiyeva /

Qərbin və İranın qarşılıqlı hədələrini sinxron şəkildə aradan qaldırmaq lazımdır, bu istiqamətdə Rusiya tərəfi münasibətlərin yaxşılaşmasında perspektiv imkanlar görür, - Rusiyanın NATO-da daimi nümayəndəsi Dmitriy Roqozin bildirib. "Rusiyanın İrana mövqeyi qarşılıqlı əndişənin aradan qaldırılması istiqamətində bu ölkə ilə faydalı siyasi dialoqların aparılmasının mümkünlüyü ilə bağlıdır", - Brüsseldən Trend -a telefon vasitəsi ilə müsahibə verən Roqozin bildirib. Onun sözlərinə görə, Corc Buşun Tehranı müharibə ilə hədələyərək həyata keçirdiyi siyasət uzaqgörən deyildi. Roqozin hesab edir ki, müharibələr İranın İraq və Əfqanıstanla sərhədlərində gedirdi və şübhəsiz ki, belə şəraitdə hərbi müdaxilə təhlükəsi yaranmışdı.

"Qərb İran tərəfindən hər hansı bir təhlükə gözləyirsə, İran da Qərb tərəfindən bunu gözləyir", - deyə Roqozin qeyd edib.

Birləşmiş Ştatlar və bəzi Qərb dövlətləri İranın nüvə proqramının inkişafının sülh mahiyyəti daşımasına şübhə edir və Tehranın nüvə silahı istehsal etməsindən ehtiyat edir. İİR təkid edir ki, nüvə tədqiqatlarını sülh məqsədi ilə həyata keçirir. ABŞ-ın sabiq Prezidenti Buş, İranın nüvə tədqiqatlarının keçirilməsini dayandırmadığı təqdirdə bu ölkəyə hərbi güc tətbiq olunacağını bildirmişdi.

ABŞ Prezidenti Barak Obama 30 ildən sonra ilk dəfə İranla heç bir şərt olmadan birbaşa dialoqun həyata keçirilməsinin vacibliyini və Vaşinqtonla Tehran arasında əməkdaşlıq imkanlarının olmasını qeyd edib. Bəzi siyasətçilər hesab edir ki, İranla Qərb arasındakı əlaqələrin inkişafı iyunun 12-də İranda seçiləcək yeni prezidentdən asılı olacaq.

Roqozinin fikrincə, İran xalqı ölkənin ictimai şüurunda vətənpərvərlik ruhunu maksimal dərəcədə təmin edən rəhbər seçəcək. "İran rəhbərliyi təhlükəsizliyin təmini istiqamətində bütün mümkün vasitələrdən istifadə edəcək". - Roqozin əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti