...

Azərbaycanın hakim partiyasının gəncləri on minlərlə paytaxt sakininə referenduma çağırış vərəqələri paylayıblar

Siyasət Materials 16 Mart 2009 16:50 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun təbliğat kampaniyası çərçivəsində Bakıda və ölkənin bütün regionlarında referenduma çağırışla əlaqədar aksiyalar keçiriblər. 

Gənclər "Gəncliyin gələcəyi və yeniləşən Azərbaycan naminə" devizi altında martın 15 və 16-da "Elmlər Akademiyası", "28 May", "İçərişəhər", "Gənclik", "Nərimanov", "Xətai", "Həzi Aslanov" və "Neftçilər" metrostansiyalarının, Bakı Dövlət Universiteinin, İqtisad Universitetinin, Tibb Universitetinin, Texniki Universitetin, İncəsənət Universitetinin, Odlar Yurdu Universitetinin, "Bakı", "Nərimanov" və "Dostluq" kinoteatrlarının qarşısındakı meydanlarda, Dənizkənarı parkda, Fəvvarələr bağında, Azneft meydanında, eləcə də, əhalinin gur olduğu digər yerlərdə paytaxt sakinlərinə referenduma çağırışla bağlı təbliğat xarakterli əyani vəsaitlər paylayıb.

İki gün ərzində keçirilmiş bu cür kütləvi aksiyalarda on minlərlə paytaxt sakininə referenduma çağırış xarakterli bukletlər, təqvimlər və digər əyani vəsaitlər paylanılıb.

Trend - un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə təbliğat aparır.

Referendumun əleyhinə təbliğat aparan  "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərə etiraz olaraq referendumun boykot edilməsi barədə qərar qəbul ediblər.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən başladığı təbliğat kampaniyası bu gün - martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 170, yerli müşahidəçilər isə 47 minə yaxındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti