...

Rəsmi Ankara güzəştə gedərək Ermənistanla sərhədlərini açmayacaq - Türkiyənin Beynəlxalq Araşdırma Mərkəzinin direktoru

Siyasət Materials 30 Mart 2009 15:24 (UTC +04:00)
Rəsmi Ankara güzəştə gedərək Ermənistanla sərhədlərini açmayacaq - Türkiyənin Beynəlxalq Araşdırma Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir R.Hafizoğlu /

Türkiyənin Beynəlxalq Araşdırma Mərkəzi hesab edir ki, ABŞ prezidentinin İstanbula səfəri zamanı Ermənistan məsələsi müzakirə edilsə də, rəsmi Ankara güzəştə gedərək Ermənistanla sərhədlərini açmayacaq.

"ABŞ və Türkiyə arasında müzakirə ediləcək bir çox mövzulardan biri də Ermənistan mövzusudur. Lakin Obamanın bu məsələdə Türkiyəyə hər hansı təzyiq edəcəyi və bununla da Ankaranın Yerevana güzəşt edərək sərhədlərini açacağını düşünmək siyasi savadsızlıqdır", - deyə Türkiyədəki Beynəlxalq Strateji Araşdırma Mərkəzinin (USAK) direktoru Sedat Laçıner bazar ertəsi Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı : Avropa İttifaqının (Aİ) adı çəkilməyən yüksək vəzifəli məmuru apreldə ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərindən sonra Türkiyə-Ermənistan sərhədinin açılacağına ümid etdiyini deyib. Bu barədə Türkiyənin SABAH qəzeti məlumat verib.

Obamanın Türkiyəyə aprelin 5-7-də səfər edəcəyi gözlənilir.

Laçınerin fikrincə, ABŞ-ın keçmiş prezidenti Corc Buşun hakimiyyəti illərində Türkiyəyə İraq məsələsində və bir sıra məsələlərdə daha çox təzyiq göstərilirdi, lakin Türkiyə ABŞ qoşunlarının ölkə ərazisindən istifadəsinə razılıq vermədi.

"Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Türkiyə ilə Ermənistan arasında aparılan bütün danışıqlar haqda Azərbaycan xəbərdar edilir", - deyə Laçıner bildirib.

Onun fikrincə, KİV-də Türkiyənin Ermənistanla sərhədini açacağı haqda məlumatlar məqsədyönlü olaraq şişirdilir.

"Türkiyə-Ermənistan sərhədinin indiyədək bağlı olmasının əsas səbəbi Yerevanın qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmətsiz yanaşmasıdır", - deyə o əlavə edib.

Laçıner hesab edir ki, Türkiyə öz sərhədlərini saxta "soyqırım" iddiasına qurban verməyəcək və bu məsələdə Ankaranın mövqeyi qətidir.

"Sərhədlərin açılması yalnız Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür. Türkiyə heç bir ölkənin diktəsi ilə öz maraqlarından vaz keçən bir ölkə deyil", - Beynəlxalq Araşdırma Mərkəzinin rəhbəri deyib.

Trend -un arayışı: Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa
çalışır. Yerevan tərəfindən başlanılmış uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması diplomatik münasibətlərin dayandırılmasına səbəb olub.

Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində ötən ilin sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti