Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan parlamentinin (Milli Məclis) bir qrup deputatı Quba məzarlığında muzeyin tikintisinə dövlət büdcəsindən vəsait ayrılması üçün Baş nazir qarşısında məsələ qaldıracaq.
"Bir qrup deputat Baş nazirlə görüşərək, Quba məzarlığında muzeyin tikintisinə hökumətin yardım etməsi məsələsini müzakirə edəcəyik", - çərşənbə axşamı 31 mart soyqırımı ilə bağlı Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırım nəticəsində aşkarlanan kütləvi insan məzarlığında çıxışı zamanı deputat Qənirə Paşayeva deyib.
Trend -un arayışı: Milli Məclisin bir qrup deputatı çərşənbə axşamı Qubada ermənilərin 1918-ci ildə törətdikləri soyqırım zamanı həlak olanların xatirəsinə ucaldılan abidənin önündə tədbir keçirib.
2007-ci ilin aprelin ortalarında paytaxt Bakıdan 170 kilometr şimalda yerləşən Qubada stadion tikintisinə başlayarkən kütləvi insan məzarlığı aşkarlanıb. Bundan sonra dərhal ekspedisiya qrupu yaradılıb və arxeoloji qazıntılar aparılır. Hadisə yerində olan tarixçi və arxeoloqlar kütləvi insan məzarlığının 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırım nəticəsində yarandığını müəyyənləşdiriblər. İndiyədək tədqiqat zolağında bir neçə arxda qazıntılar aparılıb və yüzlərlə insanın sümükləri aşkarlanıb.
Ermənilərin 1918-ci ildə Qubada törətdikləri soyqırım zamanı 16 min dinc əhali qətlə yetirilib, 122 kənd, 26 məscid, yüzlərlə ev və digər tikililər yandırılaraq məhv edilib.
Qubadan seçilən deputat Vahid Əhmədov isə deyib ki, məzarlıqdakı insan qalıqlarının qorunması və orada muzeyin tikilməsi üçün bir neçə dəfə parlamentdə məsələ qaldırılıb.
"Ərazidə muzeyin yaradılması və insan sümüklərinin tam aşkarlanıb, qorunması üçün bəzi evlər sökülməli və bunun üçün dövlət büdcəsindən ən azı 5 milyon manat vəsait ayrılmalıdır", - Əhmədov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]