...

Azərbaycanın hakim partiyası eks-prezidentlərin statusu haqqında qanun layihəsinə təkliflərini hazırlayacaq

Siyasət Materials 3 Aprel 2009 10:30 (UTC +04:00)
Azərbaycanın hakim partiyası eks-prezidentlərin statusu haqqında qanun layihəsinə təkliflərini hazırlayacaq

Azərbaycan, Bаkı, 02 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı hazırlanacaq qanun layihəsinə hakim partiyanın öz təklifləri olacaq.

"Dünya təcrübəsinə görə, eks-prezidentlik statusu prezidentlik müddəti tam başa çatan insanlara və onların ailələrinə şamil olunur. Səhhəti ilə əlaqədar, yaxud başqa obyektiv səbəbdən istefa verən, bu vəzifədə dünyasını dəyişən prezidentlərə də status verilə bilər", - cümə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.

Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən, 1991-ci ildən sonra ölkənin 3 prezidenti olub - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev.

Novruzovun sözlərinə görə, haqqında cinayət işi açılan, yaxud bu və ya başqa şəkildə vəzifəsindən kənarlaşdırılan şəxslərə eks-prezident statusunun verilməsi mümkün deyil. "Bu, mənim şəxsi mövqeyimdir və layihə müzakirəyə çıxarılanda arqumentlərimin nəzərə alınması üçün israrlı olacağam", - millət vəkili əlavə edib.

YAP funksionerinin fikrincə, parlamentdə Konstitusiyaya edilən əlavə və dəyişiklik üzrə hazırlanacaq həmin qanun layihəsində eks-prezidentlik statusunun kimlərə şamil edilə bilməsi də əksini tapmalıdır. "Şübhəsiz ki, bununla bağlı partiyamızın da ümumiləşdirilmiş təklifləri hazırlanacaq", - Novruzov deyib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

"Eks-prezidentlik statusu impiçmentlə vəzifəsindən kənarlaşdırılanlar istisna olmaqla, qalan şəxslərə şamil oluna bilər", - cümə axşamı  Trend -a müxalifətyönlü Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, indiki halda vəzifəsindən bu və ya başqa səbəbdən istefa verən Azərbaycanın keçmiş dövlət rəhbərləri, onların ailələri də eks-prezidentlik statusu məsələsi qəbul olunacaq qanunda nəzərə alınmalıdır.

Aydınlar Partiyasının təsis qurultayı 2008-ci il dekabrın 14-də keçirilib. Əlibəyli partiyanın sədri seçilib.

Trend -un arayışı: Аyaz Mütəllıbov 1991-92-ci illərdə Аzərbaycanın ilk prezidenti olub. 1992-ci ilin may ayında Azərbaycan Xalq Cəbhəsi çevriliş vasitəsilə hakimiyyətə gələndən sonra Rusiyaya mühacirət edib. Eks-prezident 17 ildir Moskvada yaşayır. Hazırda Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədridir.

1980-ci illərin sonunda başlayan milli azadlıq hərəkatına liderlik edən Elçibəy 1992-ci ildə Azərbaycanın prezidenti seçilib və 1993-cü ildə istefa verərək doğma kəndi olan Naxçıvanın Kələki kəndinə gedib. 1997-ci ildə Bakıya qayıdan Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin Gülhanə Tibb Akademiyasında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycanın prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti