...

İranın nüvə proqramı - texniki reallıqlar və siyasi pafos

Siyasət Materials 15 Aprel 2009 08:47 (UTC +04:00)
İranın nüvə proqramı - texniki reallıqlar və siyasi pafos

Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Təbii ki, İran nüvə proqramında böyük nailiyyətlər qazanıb. İsrail və ABŞ-ın iddialarına rəğmən, MAQATE-nin İranın nüvə proqramının hərbi xarakter daşımasına dair nə yetərincə sübutu, nə də bu iddianı rədd etmək üçün lazımi faktları yoxdur.

Aprelin 9-da İranda Milli nüvə texnologiyası günü qeyd olundu. İran prezidenti Mahmud Əhmədinejad iki yeni növ sentrifuqanın sınaqdan keçirildiyini, Nüvə Təşkilatının rəhbəri Qulamrza Ağazadə (Gholamreza Aghazadeh) isə, aktiv sentrifuqaların sayının 7000 ədədə çatdığını bildirdilər. Lakin ABŞ-ın Dövlət katibi Hillari Klinton bu nailiyyətlərə şübhə ilə yanaşdığını elan etdi.

İran MAQATE-nin "əlavə olunmuş " (additional protocol) protokoluna üzv olmadığı üçün, nüvə texnologiyası ilə bağlı reallıqda hansı dərəcədə inkişaf etdiyini konkret şəkildə müəyyənləşdirmək mümkun olmasa da, bəzi proqnozlar vermək olar.

Uran daşını mədəndən istehsal etmək, onun izotoplarını (U238 və U235) bir-birindən ayırmaq (zənginləşdirmə) texnologiyasına yiyələn ölkələri barmaqla saymaq olar. İranın beynəlxalq sanksiyalara baxmayaraq bu nailiyyətə çatması maraqlı və alqışa layiqdir, lakin bu sahədə nə dərəcədə uğur qazandıqları şübhəlidir.

İranın sabiq deputatı və nüvə fizikası üzrə alimi Əhməd Şirzad Trend -a bildirib ki, İranda Bender-Abbas limanı yaxınlığında yerləşən mədəndə və Sağənd mədənində uran ehtiyatı 1400 ton təşkil edir. Bu miqdarda uran kiçik bir stansiyanın bir illik yanacağını belə təmin edə bilməz. Bunu da əlavə etmək lazımdir ki, Sağənd mədənində olan 830 ton həcmində uran (1.5 milyon ton uran daşı) yerin 350 metr dərinliyindədir və bu səbəbdən onun istehsalı böyük bir problem doğurur.

Hər halda uran mədənində olan daşın iki izotopu var: U238 (uran daşının 99.7 %-nı təşkil edir) və U 235 (mədəndən istehsal olunan uran daşının yalnız 0.7%-ni təşkil edir və yalnız bu hissənin parçalanma və enerji buraxma qabiliyyəti var).

Uranın izotoplarını sentrifuqaya UF6 (Uranium Hexafluoride ) qazını aşılamaqla ayırırlar. Rotor hər saniyədə 1500 dəfə fırlanır, U238 izotopu sentrifuqanın silindrinin divarlarına və U235 mərkəzə toplaşır. Hər halda nəzərə alsaq ki, izotopların ağırlıq fərqi 1.2 faizdir, bu prosesin özü çox mürəkkəbdir. Həmçinin zənginləşdirilmə dərəcəsi sentrifuqaların növündən, rotorun (fırlanan iynə) materialından, fırlanma sürətindən və digər amillərdən asılıdır.   

MAQATE-nin indiyədək yaydığı məruzələrinə əsasən, İranda hazırda P1 (Pakistan 1) və P2 növündən olan sentrifuqalar fəalldır (3800 ədəd). Bu sentrifuqalar Zippe (50 il bundan əvvəl birinci sentrifuqanı ixtira edən almaniyalı alim) növündəndir. P1-in materialı alüminium, P2-nin materialı isə poladdandır.

İranın Nətənz nüvə stansiyasının əsas sentrifuqaları P1 növündəndir ki, bu da P2 növü ilə müqayisədə uranı 2-3 dəfə az sürətlə zənginləşdirə bilir.

İran hazırda uranı 5% dərəcəsində zənginləşdirə bilib ki, nüvə stansiyasını yanacaqla təmin etmək üçün bu dərəcədə zənginləşdirilmə kifayətdir. Lakin rəsmi Tehran yüksək dərəcədə uranın zənginləşdirilməsinə nail olacaqmı?

İran rəsmiləri bunu əminliklə bildirsələr də, ekspertlər İranın yaxın gələcəkdə nailiyyət qazanacağına ümid etmirlər.

Londonda fəaliyyət göstərən nüvə məsələləri üzrə ekspert Rza Təqizadə (Reza Taghizadeh) Trend -a bildirib ki, P2 növündən olan sentrifuqaların aşınmasının (korroziya) qarşısını almaq üçün qoruyucu "martesit" (maraging steel) materialından örtük lazımdır, bu materialı əldə etmək isə İran üçün çox çətindir. Digər tərəfdən, Şirzadın fikrincə, hazırkı texnologiya yüksək sürətlə sentrifuqaların rotorlarının fırlanması üçün kifayət deyil: "Rotor yüksət sürətlə fırlanan zaman sentrifuqalar sıradan çıxır", - deyə nüvə fizikası üzrə doktor Şirzad hesab edir.

Bunun yeganə çıxış yolu sentrifuqaların növünün dəyişdirilməsidir ki, Əhmədinejad İranın Milli nüvə texnologiyası günü məhz bu haqda danışıb. "Hazırda iki yeni növ sentrifuqanı sınaqdan keçirmişik, bu, əvvəlki sentrifuqalardan fərqli olaraq uranı dəfələrlə sürətlə zənginləşdirir", - deyə İran prezidenti həmin gün bildirib.

Çox güman ki, yeni sentrifuqaların rotoru qrafitdəndir (graphite) və bu zaman sürtünmə (friction) minimum dərəcəyə çatır, nəticədə rotor yüksək sürətlə fırlanır. Hər halda, bu texnologiyaya İranın yiyələnməsi şübhəlidir, beləki, İran rəsmiləri yeni sınaqdan keçirilmiş sentrifuqalarla bağlı heç bir məlumat vermədilər. Qrafit maddəsindən nüvə raketinin başlığında da istifadə olunur. İndiyədək Qərb İranın bu nailiyyətinə reaksiya göstərməyibsə, deməli, İranın qrafit istehsal etməsinə inanmır.

Hər halda, siyasi pafosları bir kənara qoyub, texniki baxımdan bu məsələyə yanaşsaq, İran bütün nailiyyətləri ilə hələ yolun başlanğıcındadır. Lakin bunu da nəzərə almaq lazımdır ki, İran xalqı yorulmadan çalışan və həmişə sürprizlər hazırlayan xalqdır - onlar artıq ilk peyki (Omid) hamının heyrəti altında uğurla kosmosa göndərdilər.

Xəbər lenti

Xəbər lenti