...

Azərbaycan paytaxtında qəsdən adamöldürmə halları 13,3 faiz azalıb

Siyasət Materials 27 Aprel 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında bu ilin birinci rübündə 2578 cinayət hadisəsi qeydə alınıb. Trend -un məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu ilin birinci rübünün yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

İdarənin rəis müavini Yaşar Əliyev bildirib ki, qeydə alınan cinayətlərin86,8 faizi, az ağır və böyük ictimai təhlükə törətməyən, 13,2 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adamöldürmə cinayəti 13,3, ölüm məqsədi ilə sui-qəsdlər 14,3, quldurluq 20,5, xuliqanlıq 8,1 faiz azalıb.

Həmçinin dələduzluq, dövlət və bələdiyyə əmlakının oğurluğu cinayətlərində də azalma qeydə alınıb. Qeydə alınan cinayətlərin 76,4, ağır cinayətlərin 74,9 faizi açılıb.

Hesabat dövründə 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 35 nəfərdən ibarət 16 qrup, eləcə də 28 mənzil oğurluğu cinayəti törətmiş 7 nəfərdən ibarət 3 qrup ifşa edilib.

Paytaxtda vətəndaşların avtomaşınlarının şüşələrini sındırmaq yolu ilə külli miqdarda pul oğurlamaqla məşğul olan 9 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə də Bakı şəhər BPİ əməkdaşları tərəfindən zərərsizləşdirilib, həmin dəstə tərəfindən törədilmiş 18 cinayət faktı açılıb.

Birinci rübdə paytaxt polisi tərəfindən qanunsuz dövriyyədən 72 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Yalnız Əzizbəyov RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən 33 kiloqram 860 qram narkotik vasitə aşkar edilərək götürülüb. Paytaxtda 708 cinayətkardan 39 faizinin tutulması təmin edilib.

Əliyev bildirib ki, ümumi cinayətkarlığın tərkibində ictimai yerlərdə, o cümlədən küçələrdə qeydə alınmış cinayətlərin xüsusi çəkisi 7,5 faiz olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azalıb.

Bakı şəhər BPİ və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən, DİN-in Polis Akademiyasını bitirmiş əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri üçün püşkatma tədbiri keçirilib, tədbirin nəticəsinə uyğun olaraq 14 əməkdaşın xidmət üzrə irəli çəkilməsi barədə təqdimatlar DİN rəhbərliyinə göndərilib və onlar orta rəis heyəti vəzifələrinə təyin olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti