...

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının idarə olunmasında problem yoxdur - nazirlik

Siyasət Materials 1 May 2009 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbərinin qətlindən sonra hərbi hava qurumlarının idarə olunmasında problem yoxdur, - Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu cümə günü keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Sabiroğlu bildirib ki, hərbi hava qüvvələrinə yeni komandan təyin olunmayıb və bu məsələnin nə vaxt həll olunacağı hələlik ona məlum deyil.

Trend -un arayışı: Bu il fevralın 11-də səhər saatlarında Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayev İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.

Faktla bağlı AR Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120 maddə) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci maddə) maddələri ilə cinayət işi açılıb və istintaq hərəkətləri aparılır.

Generalın qətlinin araşdırılması üçün Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Müdafiə Nazirliyinin rəsmisi generalın qətli ilə bağlı mətbuatda çoxsaylı ehtimalların yer aldığını vurğulayıb və bu ehtimallardan hansının doğru olub-olmadığını yalnız istintaqın müəyyənləşdirəcəyini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti