...

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən irəliləyiş gözləyirlər – fransalı həmsədr

Siyasət Materials 5 May 2009 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.Tariverdiyeva /

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçiriləcək görüşündən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş gözləyirlər. Bu barədə Trend -a fransalı həmsədr Bernard Fasye deyib. 

"Qarşıdakı irəliləyişləri səbrsizliklə gözləyirik. Həmsədr ölkələr tərəflərə baza prinsiplərinin son variantını 2007-ci ildə təqdim edib. Ümid edirik ki, prezidentlər prinsiplərin qəbul edilməsində irəliləyişə nail olacaqlar", - Fasye qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində birbaşa danışıqların davam etdirilməsi üçün mayın 7-də Praqada görüşəcəklər.

Fransalı həmsədrin sözlərinə əsasən, "bir çox bəndlər üzrə tərəflər arasında qarşılıqlı anlaşma var və indi qalan prinsiplər üzrə məsləhətləşmələr aparılır ki, biz də buna can atırıq".

"Bir il öncə Sankt-Peterburqda keçirilən konstruktiv görüşdən sonra Praqa görüşü iki ölkə prezidenti arasında dördüncü olacaq. Bununla belə, Moskvada keçirilən və Moskva deklorasiyasının imzalanması ilə nəticələnən görüşü də konstruktiv saymaq olar. Moskva deklorasiyasını imzalayan prezidentlər münaqişənin siyasi həllinin beynəlxalq hüquq baza və prinsipləri üzərində olması barədə razılığa gəlirlər. Ümidvarıq ki, dördüncü görüş daha konstruktiv olacaq", - Fasye qeyd edib.

"Ümid edirik ki, Praqa konstruktiv görüşlərin davamı olacaq", - Fasye deyib.

Fasyenin sözlərinə əsasən, görüş sadə formatda keçiriləcək.

"Əvvəlcə həmsədrlər və nazirlər eyni vaxtda prezidentlərlə görüşəcək. Sonra prezidentlər təkbətək görüşəcək və bundan sonra onlar adətən birlikdə müzakirələr aparmaq üçün nazirlərlə həmsədrləri yenidən söhbətə dəvət edirlər", - fransalı həmsədr bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti