Azərbaycan, Bakı, 20 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanda saxlanılan "Mira" gəmisində olan səkkiz Azərbaycan vətəndaşının Vətənə qaytarılması məsələsini nəzarət altında saxlayır.
XİN-in rəsmi nümayəndəsi Elxan Poluxovun çərşənbə günü Trend -a verdiyi məlumata görə, Hindistanın Xarici İşlər Nazirliyi gəminin şəxsi heyətinə, o cümlədən Azərbaycan vətəndaşlarına "Mira" gəmisinin yedəklə sahilə çəkilməsindən sonra, sahilə çıxmasına icazə verib.
Türkiyə şirkətinə məxsus olan "Mira" gəmisi bank tərəfindən Hindistan hökumətinə olan borcun əvəzində metal qırıntıları kimi satılıb. Lakin gəminin iki sahibi ortaya çıxıb və onlar bu qərarla razılaşmayaraq bankı məhkəməyə veriblər. Hazırda işə Hindistan məhkəməsində baxılır və qərarın qəbulunadək gəmi bu ölkənin sularında saxlanılacaq.
"Mira"nın bortunda səkkiz Azərbaycan vətəndaşı var.
Bu informasiyanı bu gün Azərbaycan xarici işlər nazirini müavini Vaqif Sadıqov gəminin şəxsi heyətinin üzvləri olan Azərbaycan vətəndaşlarnın qohumlarına çatdırıb.
Poluxov bildirib ki, hazırda Azərbaycan vətəndaşlarına vətənlərinə qayıtmaq üçün sənəd və icazənin verilməsi prosesi gedir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]