Azərbaycan, Bakı, 25 may / Trend , müxbir C. Babayeva /
Amerika ekspertləri Barak Obama Administrasiyasını Azərbaycana qarşı daha praqmatik və fəal xarici siyasət yürütməyə çağırır. Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Elxan Nuriyev jurnalistlərə deyib.
"Amerika ekspertlərinin fikrncə, Azərbaycan gündən-günə ABŞ və Aİ üçün daha mühüm ölkəyə çevrilir. Ekspertlər düşünür ki, Azərbaycan enerji və geosiyasi nöqteyi nəzərlə yanaşı, həm də regional təhlükəsizlik baxımından da mühüm ölkədir", - Nuriyev qeyd edib.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev "Enerji və digər təbii resurslar sferasında investisiya münasibətlərində münaqişələrin qarşısının alınması və idarə edilməsi" beynəlxalq forumunun birinci sesiyasında çıxış edib. Forum 12-13 mayda Nyu-Yorkda Kolumbiya Universiteti yanında Enerji siyasəti və ictimai əlaqələr mərkəzində keçirilib.
Nuriyev deyib ki, amerikalı ekspetlər Barak Obamaya regiona və xüsusən də Azərbaycana səfər etməyi təklif ediblər. "Onların fikrincə, Obama Administasiyası Qafqaz və Xəzər regionuna praqmatik yanaşma formalaşdırmalıdır. Onlar Obamanı nəinki enerji sahəsində, hətta regionda olan münaqişələrdə də fəal iştirak etməyə səsləyirlər", - Nuriyev qeyd edib.
Amerikalı ekspertlər Obama Administrasiyasına Azərbaycana aid olan 907-ci düzəlişi ləğv etməyi tövsiyə ediblər. Nuriyevin sözlərinə əsasən, ekspertlər sözügedən düzəlişi mənasız hesab edirlər.
Nuriyevə görə, ameriklı ekspertlər əvvəlki və hazırkı ABŞ Administrasiyasının xarici siyasətini kəskin tənqid edib.
"Ekspertlərin fikrincə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması üçün çox şey edib və ölkə rəhbərliyi ABŞ-la Aİ-nin strateji maraqlarının genişlənməsində böyük rol oynayır. Buna baxmayaraq, lazım olan məqamda ABŞ və Aİ Azərbaycana güclü siyasi dəstək vermirlər", - SAM rəhbəri bildirib.
Səfər çərçivəsində Nuriyev Amerika strateji və beynəlxalq araşdırmalar mərkəzində "dəyirmi masa"da "Azərbaycanın müasir geosiyasti: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası" mövzusunda çıxış edib.
SAM rəhbəri mayın 18-də Amerikanın Brukinqs İnstitutunda digər dəyirmi masada "Azərbaycanın strateji seçimi: modernləşməyə doğru istiqamət, xarici siyasətin praqmatizmi" mövzusunda çıxış edib.
Tədbirlər zamanı regional və beynəlxalq siyasətdə, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın müasir geosiyasətinin rolu geniş müzakirə edilib.
Nuriyevin ABŞ-ın beyin mərkəzləri rəhbərləri ilə görüşü zamanı iki ölkənin elmi-tədqiqat institutları arasında regional əhəmiyyətli layihələr müzakirə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]