Azərbaycan, Bakı, 28 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2003 və 2004-cü illərdə törədilmiş iki ağır cinayətin üstü açılıb, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi cümə günü birgə məlumat yayıb.
Trend -un məlumatına görə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Gəncə şəhər Polis İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Şöhrət Quliyevin sifarişi ilə təşkil olunan cinayətlər açılıb.
Gəncə şəhər sakini Şöhrət Quliyev özünün maliyyə gəlirlərini artırmaq məqsədi ilə biznes fəaliyyətində rəqib hesab etdiyi, Bakıdakı "Sədərək" Ticarət Mərkəzində çilçıraq satışı ilə məşğul olan Əhməd İbrahimovu öldürməyi həmyerliləri Mehman Qəhrəmanov, Elmar Qasımov, İlham Şabanov və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən Anar Həsənova sifariş verib və əvəzində 25 min ABŞ dolları verəcəyini vəd edib.
Sifarişin icra edilməsi üçün Mehman Qəhrəmanovun göstərişinə əsasən Elmar Qasımov və Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərinə gəliblər. Həmin gün Elmar Qasımov Əhməd İbrahimovu izləyib və sonuncunun idarə etdiyi avtomaşınla yaşadığı ünvana gəlməsi barədə həyətdə onu gözləyən Anar Həsənovu məlumatlandırıb.
İbrahimov binanın 2-ci mərtəbəsinə qalxarkən Həsənov özündə olan "Makarov" tipli tapançadan baş nahiyəsinə iki dəfə atəş açaraq onu öldürüb.
Quliyev guya ona biznes fəaliyyətində maneçilik törədən həmyerlisi Kamal Ələkbərovu da öldürtmək barədə həmin şəxslərə yenidən sifariş vermiş və bunun müqabilində 25 min ABŞ dolları vəd edib.
İlham Şabanov Elmar Qasımov və Anar Həsənovdan əldə etdiyi "Makarov" tipli tapançanı üstündə gəzdirməklə 2004-cü il martın 22-də Kamal Ələkbərovun Gəncə şəhərindəki yaşadığı ünvana gəlib və sonuncunun idarə etdiyi avtomaşınla evinin darvazasına yaxınlaşan zaman özündə olan tapançadan yaxın məsafədən 7 atəş açaraq onu öldürüb.
Aparılmış istintaqla Şöhrət Quliyev, İlham Şabanov və Mehman Qəhrəmanovun törətdikləri cinayət əməlləri tam sübuta yetirilib və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Qəhrəmanova məxsus "Mersedes" markalı avtomaşından narkotik vasitə olan heroin, İlham Şabanovun həyətyanı torpaq sahəsindən isə torpağa basdırılmış "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Cinayətkar qrupun üzvlərinin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]