...

Azərbaycanın bir qrup müxalifət partiyasının yaradacağı birlik avqust ayında elan oluna bilər

Siyasət Materials 1 İyun 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bакı, 01 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalif partiyasının bələdiyyə seçkiləri ilə bağlı yaradacağı blok avqust ayında elan oluna bilər.

"Biz bu günə qədər doqquz partiyaya təkliflərimizi vermişik. Həftə ərzində daha iki müxalif partiyaya təkliflərimizi təqdim edib yeni blokun yaradılması üçün müzakirələr aparacağıq", - bazar ertəsi Trend -a Azərbaycan Lideral Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycan Liberal-Demokrat Partiyası bir müddət öncə bələdiyyə seçkilərində uğur qazanılması üçün liberal yönümlü partiyaların "Azad Azərbaycan" seçki blokunun yaradılması təklifi ilə çıxış edib.

Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabr ayında, parlament seçkisi 2010 - cu ildə keçiriləcək. İndiyədək iki dəfə - 1999 və 2004-cü ildə bələdiyyə sеçkiləri kеçirilib.

Əliyevin sözlərinə görə, blok yaratmaqla bağlı təkliflərinə hələ ki heç bir partiyadan mənfi cavab almayıblar. "Doqquz partiyanın bir neçəsi hətta təklifimizi müsbət qarşılayıb. Düşünürəm ki, müraciət etdiyimiz partiyaların əksəriyyəti yeni blok yaratmaq təşəbbüsümüzü dəstəkləyəcək", - ALDP sədri əlavə edib.

Müxalif partiya rəhbəri deyib ki, bələdiyyə seçkilərində birgə iştirak etmək məqsədilə blok yaradılması prosesi avqust ayına qədər başa çatdırılmalıdır. "Əgər həmin müddətdə təşəbbüsümüzə müsbət cavab verilməzsə, biz seçkilərdə təkbaşına iştirak etmək haqda qərar verəcəyik", - Əliyev vurğulayıb.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti