...

Azərbaycandan Rusiyaya narkotiklərin daşınması ilə məşğul olan dəstə zərərsizləşdirilib

Siyasət Materials 9 İyun 2009 16:53 (UTC +04:00)
Azərbaycandan Rusiyaya narkotiklərin daşınması ilə məşğul olan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir K.Zərbalıyeva /

AzərbaycanınMilli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Azərbaycan-Rusiya" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib.

Trend -a çərşənbə axşamı daxil olan birgə məlumatda bildirilib ki, ifşa olunan dəstədən ümumilikdə 11 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

"Bakı-Moskva" sərnişin qatarının bələdçiləri, Bakı şəhər sakinləri Abutalıb Məmmədov və Feyzulla Ağayev qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd ediblər.

Abutalıb Məmmədov və Feyzulla Ağayev hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan bir nəfərdən həmin narkotikləri qəbul edib, Bakı Dəmiryol Vağzalının ehtiyat deposuna gətirərək, orada dayanmış "Bakı-Moskva" sərnişin qatarının vaqonunda gizlədiblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Abutalıb Məmmədov və Feyzulla Ağayevin gizli yolla daşıyacaqları həmin narkotik vasitələr Moskva şəhərində bu narkotikləri onlara vermiş şəxs tərəfindən götürülməli idi.

Məmmədov və Ağayev saxlanılıb, vaqona baxış zamanı əvvəlcədən hazırlanmış xüsusi gizli saxlanc yerindən təxminən 10 kiloqram həşiş, habelə 5 kiloqramdan artıq narkotik vasitəyə oxşar ağ rəngli maddə aşkarlanaraq götürülüb. 

Keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə digər cəhdin qarşısı alınıb. Məlum olub ki, 1977-ci il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Ramin Mütəllimzadə Moskva şəhərinə aparmaq üçün 1 kiloqrama yaxın narkotik vasitə olan həşiş əldə edib. O, əvvəlcədən həmin narkotik vasitəni "FUNAY" markalı televizorun içərisində qablaşdırıb, onu yük çantasına qoyaraq, "Bakı-Moskva" sərnişin qatarında aparmaq istəyərkən saxlanılıb. Keçirilən baxış zamanı qeyd olunan televizorun içərisindən 1 kiloqrama yaxın həşiş, Ramin Mütəlimzadənin üzərindən isə 40 qrama yaxın tiryək və 0,3 qram heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı başlanmış cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti