...

Azərbaycanda yaşayan İran vətəndaşlarının əksəriyyəti prezidentliyə namizəd Musəvini dəstəkləyib

Siyasət Materials 13 İyun 2009 10:11 (UTC +04:00)
Azərbaycanda yaşayan İran vətəndaşlarının əksəriyyəti  prezidentliyə namizəd Musəvini dəstəkləyib

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir T.Cəfərov /

Azərbaycanda yaşayan İran vətəndaşlarının əksəriyyəti prezidentliyə namizəd Mir Hüseyn Musəviyə səs verib, şənbə günü Trend -a İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib.

Onun sözlərinə görə, seçkilərdə 1430 nəfər iştirak edib ki, ümumi səslərin 1418-i etibarlı, 12 səs isə etibarsız hesab olunub. "Son nəticəyə görə 1149 səslə prezidentliyə namizəd Mir Hüseyn Musəvi qələbə qazanıb", - o deyib.

"Nəticələrə əsasən, digər namizədlər Mahmud Əhmədinejad 217 səs, Mehdi Kərrubi 28 səs, Möhsün Rezayi isə 24 səs qazanıb", - İsgəndəri qeyd edib.

Trend -un arayışı: Dünən İranda prezident seçkiləri keçirilib. Prezidentliyə namizədlər İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi olub (Mir Hossein Mousavi). Seçkilərdə dünyanın 130 ölkəsində yaşayan İran vətəndaşları iştirak edib. Bu məqsədlə Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq, xarici ölkələrdə 304 seçki məntəqəsi yaradılmış, həmin ölkələrdə yerləşən səfirlik və nümayəndəliklərə 450 min səsvermə bülleteni göndərilmişdi.

İranın Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad hesablanmış səslərdən 64.99 faizini qazanıb. Bu barədə İRİNN xəbər kanalı məlumat yayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti