...

Əhmədinejad ilə fikirlərimiz daha çox üst-üstə düşür - Xamenei

Siyasət Materials 19 İyun 2009 14:42 (UTC +04:00)

İranın Ali Dini rəhbəri Ayətullah Xamenei cümə namazında çıxışı zamanı bildirib ki, fikirləri prezident Mahmud Əhmədinejadın fikirlərinə daha yaxındır.

Xamenei prezident seçkiləri qabağı namizədlər arasında debatları xatırladaraq bildirib ki, namizədlər bir-birinə qarşı bəzən "qara piar"dan istifadə etdilər. "Ayətullah Rəfsəncani və Natiq Nurinin özü və ailəsi korrupsiyada ittiham olundu, bu düzgün deyildi. Həmçinin namizədlər Əhmədinejadı yalancı, xurafatçı deyə təhqir etdilər, ittiham etdilər", - deyə Xamenei bildirib.

Xamenei bildirib ki, "Rəfsəncani ilə xarici və daxili məsələlərlə bağlı fikir ayrılığım çoxdur". O, Əhmədinejadla fikrirlərinin daha çox üst-üstə düşdüyünü deyib.

İranın Ali dini lideri Əhmədinejadı bir daha "xalqın seçdiyi prezident" adlandıraraq, seçkilərin saxtalaşdırılması barədə iddiaları rədd edib. "Ola bilər ki, seçkilərdə bəzi qanun pozuntuları olsun, lakin Əhmədinejada verilən 24 milyon səsin saxtalaşdırılması inandırıcı deyil", - deyə Xamenei bildirib.

Ayətullah Əli Xamenei əlavə edib ki, iğtişaşlarda tökülən qana görə seçkilərin nəticələrilə razılaşmayanlar məsuliyyət daşıyır.

İyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə milyonlarla iranlı etiraz edib. Etirazlar hakimiyyətin sərt reaksiyası ilə üzləşib. Bazar ertəsi keçirilən aksiyalarda 13 nəfər həlak olub.   

Xəbər lenti

Xəbər lenti