...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşıyan qrup zərərsizləşdirilib

Siyasət Materials 6 İyul 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik daşıyan qrupu zərərsizləşdirib.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən bazar ertəsi Trend -a verilən məlumata görə, dəstə üzvlərindən 40 kiloqrama yaxın narkotik vasitə akşar edilərək götürülüb.

Beyləqan rayon sakinləri Nəsirov Tahir Vaqif oğlu, Quliyev İlqar Oqtay oğlu və Səfərov Samir Niyazi oğlu, Kəlbəcər rayon sakini Hüseynov Rəşad Zakir oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.

Müəyyən edilib ki, Tahir Nəsirovun təşkilatçılığı ilə hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlədiblər.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürürüb və təxminən gecə saat 03:00 radələrində Bakı şəhərinə gətiriblər.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər saxlanılmış, Rəşad Hüseynovun gözətçi işlədiyi bağa baxış zamanı oradan 30 kiloqrama yaxın həşiş, habelə Nəsirovun qanunsuz əldə etdiyi Türkiyə istehsalı olan 1 ədəd "Mini Kral" start tapançası aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

Bu ilin mayında MTN-in zərərsizləşdirdiyi dəstənin işi ilə bağlı davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvlərinə məxsus gizli saxlanc yerindən əlavə 18 kiloqrama yaxın həşiş aşkar edilərək götürülüb.

Astara rayon sakinləri Pərviz Əliyevin, İlham Səmədovun və Asəf Qasımovun, Bərdə rayon sakinləri Asəf Əzimovun və Saleh Məmmədovun, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşlarının və qeyrilərindən ibarət olan dəstə satış məqsədi ilə 40 kiloqrama yaxın narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə gətiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti