...

Çingiz Aytmatov haqqında "Evə gedən yolda bəyaz yuxular" sənədli filmi CD formatında çıxıb

Siyasət Materials 20 İyul 2009 16:43 (UTC +04:00)
Qırğızıstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Janış Rustenbekovun Trend News-a bildirdiyinə görə, Çingiz Aytmatov haqqında "Evə gedən yolda bəyaz yuxular" sənədli filminin CD-si buraxılıb.
Çingiz Aytmatov haqqında "Evə gedən yolda bəyaz yuxular" sənədli filmi CD formatında çıxıb

Qazaxıstan, Astana, 20 iyul / Trend , müxbir K.Konırova /

Qırğızıstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Janış Rustenbekovun Trend -a bildirdiyinə görə, Çingiz Aytmatov haqqında "Evə gedən yolda bəyaz yuxular" sənədli filminin CD-si buraxılıb.

"Başlanğıc kimi nəzərdə tutulmuş bu film yazıçı Çingiz Aytmatovun ölümü ilə əlaqədar olaraq tamamlanmadı. Lakin hətta tamamlanmamış variant da onun istedadına pərəstiş edənlərin böyük marağına səbəb olub. Layihənin rəhbəri Alim Mirzəyev, rejissoru isə Rauf Məmmədovdur. Film yazıçının 80 illik yubileyi üçün nəzərdə tutulub", - Rustenbekov deyib.

Onun sözlərinə görə, filmdə yazıçının məşhur liderlər və ziyalıların çoxu ilə, o cümlədən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əks olunmalı idi.

"Mən o zaman dövlət xidmətindən -  fövqəladə hallar naziri vəzifəsindən getdim və əlavə vaxtım çox oldu. Dostlarım - respublikada məşhur adamlar Alim Mirzəyev və Rauf Məmmədovla birgə Çingiz Aytmatov haqqında sənədli film çəkmək qərarına gəldik. İdeya belə idi ki, evə gedən yolda maraqlı insanlarla görüşləri çəkək", - diplomat deyib.

Qırğızıstan səfirinin sözlərinə görə, filmin çəkilişlərinə yazıçının ölümünə qədər son illərdə ölkəsinin səfiri vəzifəsində işlədiyi Brüsseldə başlanılıb.

1990-1994-cü illərdə Aytmatov SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri işləyib. 2008-ci ilin martına qədər Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlandda səfiri olub.

"Filmdə Aytmatovun Azərbaycana səfəri təsvir edilib. Biz bu ölkənin Yazıçılar İttifaqına təklifimizlə müraciət etdikdə dərhal cavab və dəstək aldıq. Məhz Bakıda yazıçının keçmiş SSRİ-nin bir neçə ölkələrinə turnesinin planlaşdarılmasına start verildi. Beləcə Aytmatovun Azərbaycana səfəri və onun İlham Əliyevlə görüşü baş tutdu. Bu görüşdə ona birinci olaraq respublikanın "Xalqlar dostluğu" təqdim olundu", - Rustenbekov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Aytmatov haqqında "Evə gedən yolda bəyaz yuxular" filminin yaradıcılarına müsahibə verib.

"Azərbaycanda Çingiz Aytmatova isti münasibət var. Biz onu öz həmvətənimiz hesab edirik. Çünki o hər zaman haqq və ədalət tərəfdarı olub və həmişə tarixin bizim üçün çətin vaxtlarında Azərbaycanı dəstəkləyib", - İlham Əliyev sənədli filmin CD-nə daxil edilmiş müsahibədə deyib.

Azərbaycan rəhbəri xatırladıb ki, Çingiz Aytmatov yaradıcılığına məhəbbəti ona atası Heydər Əliyevdən keçib.

"Heydər Əliyev hərtərəfli şəxsiyyət idi. Məktəb illərində o mənə hər gün israrla şeir öyrənməyi, roman, hekayə oxumağı tövsiyə edərdi. Əvvəllər bu mənim sevmədiyim tapşırıq idi. Çünki idmanla, futbolla məşğul olmağıma imkan vermirdi. Lakin sonra bu mənim xoşuma gəldi. Beləcə Aytmatovun romanları ilə də tanış oldum", - Azərbaycan Prezidenti deyib.

Onun fikrincə, Cingiz Aytmatov "öz istedadı ilə xalqların bir-birinə yaxınlaşmasına xidmət edən səmimi insan idi".

"Tarixdə istedadların həmişə vətəndaş mövqeyi ilə yanaşı getdiyi nümunələr var. Hazırda Çingiz Aytmatovun simasında biz bu keyfiyyətin birləşdiyini görürük. O, yüksək dövlət mükafatı olan "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Mənim üçün xoşdur ki, o, bu mükafatı təqdim etdiyim ilk şəxsdir", - Azərbaycanın lideri "Evə gedən yolda bəyaz yuxular" filminin yaradıcıları ilə söhbətində deyib.

Məşhur qırğız yazıçısı Çingiz Aytmatov Sosialist əməyi qəhrəmanı, "Cəmilə", "İlk müəllim", "Qırmızı yaylıqlı qovağım mənim" povestlərinin, onu dünyada məşhurlaşdıran "Gün var əsrə bərabər" romanının müəllifidir.

Yazıçı 10 iyun 2008-ci ildə Almaniyanın Nürnberq şəhərində, müalicə aldığı klinikada vəfat edib. İyunun 14-də Bişkək yaxınlığındakı "Ata-Beyit" tarixi-memorial kompleksində dəfn olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti