...

Əhmədinejadın "Milli xidmət" layihəsinin potensialı yoxdur - iranlı ekspertlər

Siyasət Materials 22 İyul 2009 09:00 (UTC +04:00)
Hazırda İran Prezidenti Mahmud Əhmədinejadın "Milli xidmət" layihəsini həyata keçirməsi və hökumətin idarə edilməsində iştirak etmək üçün bütün mütəxəssisləri əməkdaşlığa cəlb etməsində potensial yoxdur.
Əhmədinejadın "Milli xidmət" layihəsinin potensialı yoxdur - iranlı ekspertlər

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir T.Cəfərov /

Hazırda İran Prezidenti Mahmud Əhmədinejadın "Milli xidmət" layihəsini həyata keçirməsi və hökumətin idarə edilməsində iştirak etmək üçün bütün mütəxəssisləri əməkdaşlığa cəlb etməsində potensial yoxdur.

Qlazqo Universitetinin (University of Glasgow) professoru, Londonda fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə Trend -a bildirib ki, Əhmədinejad əvvəlki prezidentliyi dövründə bacarıqlı şəxsləri və mütəxəssisləri məsul vəzifələrə cəlb etmək əvəzinə özünə yaxın şəxsləri həmin vəzifələrə təyin etməyəüstünlük verib. Əhmədinejadın bu layihəni icra etməsi təbliğat xarakterlidir və onun icraolunma potensialı yoxdur.

İRNA xəbər agentliyinin məlumatına əsasən, İran Prezidenti Mahmud Əhmədinejad "Milli xidmət" layihəsini həyata keçirir. Layihə çərçivəsində İran Prezidenti hökumətin idarə edilməsində mütəxəssislərin gücünün artırılması və idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, yeni hökumətin işə başlama ərəfəsində, dövlətin idarəsində hölumətə kömək etməkdə maraqlı olan bütün məmurları əməkdaşlığa çağırır. "Milli xidmət" layihəsinin birinci mərhələsində ölkənin uğurlu idarə edilməsində hökumətə kömək etmək istəyən bütün mütəxəssislər dəvət olunacaq. İkinci mərhələdə isə prezident tərəfindən xüsusi komissiya yaradılacaq və təkliflər dəyərləndiriləcək.

Təqizadə hesab edir ki, Əhmədinejad ötən dörd il prezidentlik dövründə İran İslam İnqilabından sonra olan hökumətlər arasında kabinetində ən çox dəyişiklik etmiş prezidentdir.

Əhmədinejadın ötən prezidentlik dövründə dövlət kabinetində 20-yə yaxın rəsmi şəxs istefa, impiçment və ya işdən uzaqlaşdırma ilə dəyişdirilib. Hakim Üsulgəra (Mühafizəkarlar) düşərgəsindən bəziləri Əhmədinejadı onlarla məsləhətləşmədən öz müavin və nazirlərini təqdim etməkdə ittiham edib. Onlar həmin şəxslərin tutduğu vəzifələrə layiqli olmadıqlarını bildiriblər. İslahatçılar düşərgəsindən isə Əhmədinejadı müavin və nazir təqdim edərkən peşəkarlıqdan daha çox öz yaxınlarına və qohumluq əlaqələrinə üstünlük verməkdə ittiham ediblər.

Londonda Yurosevik Tədqiqat Mərkəzinin (Urosevic Research Foundation of London) sədri Piruz Müctəhidzadə Trend -a bildirib ki, İran İslam Respublikası rejimi ötən 30 il ərzində idarəetmədə xüsusi siyasət yürüdüb. Bu xüsusi siyasətə əsasən, ölkənin idarə edilməsinə İslam İnqilabında rolu olmuş şəxslər seçilir və bu şəxsin mütəxəssisliyi və iş bacarığı bir o qədər də rol oynamırdı.

"Əhmədijadın "Milli Xidmət" layihəsi çərçivəsində mütəxəssislərin keçmişini, siyasi bağlılığını nəzərə almadan onları işə götürəcəyinə inanmıram. Belə bir iş görmək üçün İran İslam Respublikası rejimi öz idarəetmə qayda-qanunlarında əsaslı dəyişiklik etməlidir", - deyə Müctəhidzadə bildirib.

İran Prezidenti Əhmədinejadın inaqurasiya mərasimi avqustun 8-dək keçiriləcək. Əhmədinejad İran Parlamentində and içdikdən sonra yeni hökumət öz işinə başlayacaq. Əhmədinejad sentyabr ayının sonunadək səlahiyyətlərin təsdiqlənməsi üçün yeni kabinetin tam tərkibini parlamentə təqdim etməlidir. İslahatçılar düşərgəsindən olan prezidentliyə keçmiş namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Əhmədinejad hökumətini "qanuni" tanımır. Onlar iyunun 12-də keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını bildirirlər.

Təqizadə hesab edir ki, Əhmədinejad öz hakimiyyətini qoruyub saxlamaq üçün başqa qüvvələrdən bir neçə nəfəri hökumətdə vəzifəyə qoya bilər, lakin əslində hökumətin idarəetmə strukturunu dəyişməyəcək. "Bir hökumətdə ki, özünə yaxın adamlara üstünlük verilir, texnokratlara yer yoxdur", - deyə Təqizadə bildirib. 

İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi iyulun 17-də Əhmədined tərəfindən vitse-prezident təyin olunub. Bu qərar hakim Üsulgəra düşərgəsində kəskin etirazlarla qarşılanıb. Etirazçılar Məşayinin tutduğu vəzifədən dərhal kənarlaşdırılmasını tələb ediblər. Məşayi 2008-ci ildə  "İran həm ABŞ, həm də İsrail xalqının dostudur" bəyanatı ilə ölkədə qalmaqal yaratmışdı. Eyni zamanda o, Əhmədinejadın qudasıdır.

Müctəhidzadənin fikrincə, İranda "Milli Xidmət" layihəsinin icra olunmasına böyük ehtiyac duyulur. İranda çox böyük təbii sərvətlər və bacarıqlı, peşəkar işçi qüvvəsi var. "Əgər İran hökuməti bu iki amili birləşdirərsə, bu, ölkənin sürətli inikşaf etməsinə və çiçəklənməsinə səbəb ola bilər. Lakin bu layihənin icra olunacağına inanmıram", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti